Nazir: “Əhalinin 80 faizdən çoxu internet istifadəçisidir”

Nazir: “Əhalinin 80 faizdən çoxu internet istifadəçisidir”
  10 Oktyabr 2018    Oxunub:1759
“Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir. Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrinin orta göstəricisindən isə 1,2 dəfə öndədir”
AzVision.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

R.Quluzadə qeyd edib ki, nazirliyin əsas fəaliyyət istiqamətlərindən olan telekommunikasiya sahəsində yeni texnologiyaların tətbiqi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərin göstərilməsi üzrə müvafiq işlər aparılır. Bu istiqamətdə regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə Şimal, Qərb və Cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək.

Nazir bildirib ki, Bakı şəhərində bir xətt üzərindən üç xidmət - telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. Bu layihələr nəticəsində ilin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq: “Görülən işlər nəticəsində ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai WiFi” istifadəyə verilib”.

R.Quluzadə, həmçinin vurğulayıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib:

AzVision.az


Teqlər: Ramin-Quluzadə   Nazir   Nazirlər-Kabineti  





Xəbər lenti