Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir

Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
  10 Oktyabr 2018    Oxunub:1187
Oktyabrın 10-da Dünya Gömrük Təşkilatının (DGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Strateji ticarətin nəzarət sistemləri” mövzusunda təlim başlayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AzVision.az-a verilən məlumata görə, DGT ekspertlərinin apardığı təlim komitənin əməkdaşları üçün nəzərdə tutulur.

Təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov DGK-nın həyata keçirdiyi yenilik və islahatlar haqqında məlumat verib. Qeyd edilib ki, Azərbaycan Prezidenti tərəfindən Dövlət Gömrük Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub və əsas məqsəd şəffaflığın artırılması, gömrük-biznes münasibətlərinin daha da inkişaf etdirilməsidir.

Səməd Qaralov DGT-nin təşkil etdiyi seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, hər bir iştirakçı bu təlimdə qazandığı biliklərin digər gömrük əməkdaşlarına çatdırılmasına ciddi səy göstərməlidir. Düzgün qərar verməyin yüzlərlə insanın sağlamlıq və ölkənin təhlükəsizlik məsələsi olduğunu söyləyən Baş İdarənin rəisi, Dövlət Gömrük Komitəsinin bundan sonra da qanunsuz təchizat zəncirinə qarşı mübarizə aparacağını vurğulayıb.

DGT-nin eksperti Adam Vas qeyd edib ki, təlimdə əsas məqsəd strateji ticarətin nəzarət sistemləri ilə bağlı beynəlxalq təcrübəni bölüşməkdir. Son 10-15 ildə dünyada strateji malların gömrükdən xüsusi nəzarət altında keçirilməsinə diqqətin artdığını vurğulayan ekspert Azərbaycanda da bu sahədə peşəkar mütəxəssislərin sayının artmasında maraqlı olduqlarını deyib.

Beynəlxalq təşkilatın digər eksperti Kənan Çelik isə bildirib ki, strateji malların ticarətinə nəzarətlə bağlı təlimlər Türkiyədə də keçirilir və onların nəticələri olduqca əhəmiyyətli hesab edilir. Azərbaycanda belə bir təlimin təşkilindən məmnunluğunu dilə gətirən Kənan Çelik təlim müddətində strateji məhsulların axtarışı, bu kateqoriyaya daxil olan predmetlər və s. önəmli mövzulara toxunulacağını qeyd edib.

DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov təlimin strateji ticarətin nəzarət sistemləri barədə bilik və bacarıqları artırmağa geniş imkan yaradacağını bildirib.

Təlim müddətində iştirakçılara strateji mallar haqqında anlayış və onun əhəmiyyəti, strateji malların idarə edilməsi üçün beynəlxalq hüquqi çərçivə və rejimlər, milli strateji ticarətə nəzarət sistemlərinin komponentləri və gömrüyün rolu, strateji malların nəzarət sistemində Azərbaycan təcrübəsi, strateji malların ticarətinə nəzarət sisteminin icra təlimatı, strateji mallara nəzarətin tətbiqi və s. mövzularda bilgilər veriləcək.

Təlim oktyabrın 12-dək davam edəcək.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti