Qubada 6 mağazadan oğurluq edilib

Qubada 6 mağazadan oğurluq edilib
  10 Oktyabr 2018    Oxunub:2440
Quba rayonu ərazisində silsilə oğurluq hadisələri törədən gənc saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AzVision.az-a verilən məlumata görə, rayon sakini olan qadın polisə ərizə ilə müraciət edərək, icarə əsasında işlətdiyi dərzi sexindən pul oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib. Araşdırmalarla adı çəkilən ünvana pəncərədən girildiyi və 200 manat pulun oğurlandığı müəyyən edilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 18 yaşlı şəhər sakini saxlanılıb. Araşdırmalarla onun Qalib Əlibəyov olduğu müəyyən edilib.

Q.Əlibəyovun digər cinayət əməllərinin də üstü açılıb. Məlum olub ki, o, cari ilin avqust-oktyabr aylarında rayon ərazisində yerləşən 5 müxtəlif mağazadan ümumilikdə 1020 manat və bir evdən 400 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Dindirilmə zamanı Q.Əlibəyov törətdiyi cinayətləri etiraf edərək, mağazalara və evə qanunsuz daxil olaraq pul və qızıl-zinət əşayaları oğurladığını bildirib. Faktlarla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, Q.Əlibəyovun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

AzVision.az


Teqlər: Quba   DİN  





Xəbər lenti