ABŞ-da “Arsax” adına görə etiraz kampaniyası başlayıb

  10 Oktyabr 2018    Oxunub : 1055
ABŞ-da “Arsax” adına görə etiraz kampaniyası başlayıb
ABŞ Azərbaycanlıları Şəbəkəsi Kaliforniya ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin bir hissəsinin “Arsax” adlandırılmasına etiraz olaraq Birləşmiş Ştatlarda məktub kampaniyasına başlayıb.
Xatırladaq ki, oktyabrın 2-də Qlendeyl Şəhər Şurası Uilson prospekti ilə Harvard küçəsi arasında yerləşən Merilend prospektinin bir hissəsinin adını dəyişdirərək ona “Arsax prospekti” adı verib.

Erməni mənşəli rəsmilərin çoxluq təşkil etdiyi Şəhər Şurası bu qərarı şəhərin erməni icmasının mövcudluğunu əks etdirməsi ilə əsaslandırıb. Advermə mərasimində Qlendeyl Şəhər Şurasının üzvləri, şəhərin meri Zareh Sinanyan və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejimin nümayəndəsi Robert Avetisyan iştirak ediblər.

Kaliforniya ştatının qubernatoru Cerri Braun, Los-Anceles şəhərinin meri Erik Qarsetti və yerli media qurumlarına ünvanlanan etiraz məktubunda deyilir ki, Arsax Azərbaycanın Ermənistan qoşunları tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin alternativ adıdır. İşğal edilmiş Dağlıq Qarabağ və 7 ətraf rayon Azərbaycan Respublikasının ərazisinin təxminən 20 faizini təşkil edir.

Qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü əmlakın və tarixi abidələrin sistemli şəkildə məhv edilməsi, etnik təmizləmələr kampaniyası ilə müşayiət olunub. Məsələn, təkcə Azərbaycanın Xocalı şəhərində bir gecə ərzində 613 dinc sakin öldürülüb. Ermənistan Qarabağ bölgəsini işğal etdikdən sonra bu ərazilərdə beynəlxalq hüququn normalarını pozaraq təcavüzünün nəticələrini möhkəmlətmək üçün oyuncaq rejim qurub. 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində BMT Təhlükəsizlik Şurası erməni təcavüzünü qınayaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtmasına şərait yaradılmasını tələb edib. Ermənistan hələ də bu qətnamələrin tələblərini icra etməyib. ABŞ hökuməti işğal altında olan Dağlıq Qarabağın müstəqilliyini tanımır və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə qeyd edib.

Məktub müəllifləri vurğulayırlar ki, yerli idarəetmə orqanları ABŞ-ın rəsmi siyasətinə uyğun olaraq yer adlarının dəyişdirilməsinə diqqət yetirməlidir və Amerika vergiödəyiciləri hansısa etnik lobbi qruplarının layihələrinə görə məsuliyyət daşımamalıdır.

Qeyd edək ki, Los-Anceles dairəsində yerləşən Qlendeyl şəhəri ABŞ-da erməni icmasının çoxluq təşkil etdiyi əsas şəhərdir. Burada meriya və digər idarəetmə orqanlarının əksəriyyətində erməni icmasının üzvləri çalışırlar. Bəzi media qurumları səhvən Merilend prospektinin bütövlükdə adının dəyişdirilməsini bildiriblər. Əslində, “Arsax” adı Merilend prospektinin yalnız iki kvartalını əhatə edən hissəsinə verilib. (AzərTAc)

AzVision.az

Teqlər: ABŞ   Etiraz   Kampaniya