“Başımız xarabdır ki, kiməsə görə həbs yataq?” - Sürücülərlə sərnişinlərin “dueli” (FOTOLAR)

“Başımız xarabdır ki, kiməsə görə həbs yataq?” - Sürücülərlə sərnişinlərin “dueli” (FOTOLAR)
  11 Oktyabr 2018    Oxunub:13195
Bakının nəqliyyat sistemində ciddi dəyişikliklər edilsə də, problemlər hələ də qalmaqdadır. Xüsusilə nasaz avtobusların xəttə buraxılması, qeyri-peşəkar sürücülərin işə cəlb olunması, günün pik saatlarında insanların avtobusların qapısından sallanaraq getməsi sakinlərdə narahatlıq doğurur.
Paytaxtın mərkəzi ilə müqayisədə Bakıətrafı kənd və qəsəbəblərə gedən avtobuslarda vəziyyət acınacaqlıdır. Bu yollarda daha çox standartlara cavab verməyən avtobuslar hərəkət edirlər. Bu isə Bakı yollarında qəzalar, insan ölümlərinə gətirib çıxarır.

AzVision.az-ın əməkdaşları Bakının bəzi kənd və qəsəbəblərinə gedən avtobuslardakı vəziyyətlə tanış olmaq üçün "Neftçilər" metrosunun yaxınlığındakı dayanacaqlara baş çəkiblər.

Yenə eyni mənzərə yaşanıb: Bəzi sərnişinlər sürücülərdən narazı olduqlarını bildiriblər, sürücülər isə həmişəki kimi onlara ünvanlanan ittihamları "bizim nə günahımız var" deməklə qəbul etməyiblər.



35 nömrəli marşurut xətti ilə hərəkət edən avtobusun sürücüsü Rasim Məmmədov deyilən fikirlərlə razılaşmır. Bildirir ki, bu gün avtobuslarda quraşdırılan avadanlıq onun 60 km/saat sürətdən artıq hərəkət etməsinə icazə vermir.

“Avtobuslar vaxtla işləyir, istər-istəməz vaxta görə hərəkət etməliyik. 40-50 km/saat sürətlə hər yerə vaxtında çatırıq və bu, bizə bəs edir. Hazırda burada dayanmışam, əgər vaxtım olmasaydı, heç dayanmazdım, sürüb gedərdim. "Avtobusun qapısı açıq sürürlər" deyənlər yalan deyir, heç kimin başı xarab deyil ki, qapısı açıq maşın sürsün, kimsə yıxılsın və ona görə həbs yatsın. Bəlkə, hansısa marşrutda ola bilər, lakin bizim marşrutda elə şey yoxdur”.



Sərnişin Valeh Arifoğlu Xətai rayonu, NZS qəsəbəsində yaşayır və hər gün 32 nömrəli marşurut xəttindən istifadə edir. Lakin o, günün pik saatlarında avtobusa minə bilmədiyindən şikayətçidir.

“Məcbur olursan ki, bir-iki avtobus ötürürsən və rahat işə gedə biləsən. Nəticədə işə gecikirsən. Elə olur ki, avtobusu qapısı açıq sürürlər. Ümidvaram ki, aidiyyatı orqanlar bizi eşidər və bu barədə ölçü götürərlər ki, insanlar yolda qalmasınlar”.



Nailə adlı sərnişin hər gün Pirşağıdan mərkəzə işə gəlir. O, kənddən gəlmək üçün 173 nömrəli avtobusa minmək məcburiyyətindədir. Dediyinə görə, avtobus həddindən artıq yavaş hərəkət edir və hər dayanacaqda 1 saat gözləyir.

“Qiymət bahalaşıb, amma vəziyyət eynidir. 173 nömrəli avtobusla Pirşağıya gedirəm, amma avtobusu görmürük. Hər gün 1 manatlıq taksi ilə gedib gəlirəm. 3 qapılı köhnə avtobuslardır, hər dayanacaqda saxlayıb 1 saat durur. İşə gedənlər məcbur olub, 1 manatlıq taksilərə minirlər”.



Binə qəsəbəsində yaşayan sərnişin Hüseyn Əliyev 160 nömrəli marşurut xəttindən istifadə edir. Son qəzadan sonra vəziyyətin dəyişmədiyini deyən sərnişin Bakı kəndlərinə gedən avtobusların heç birinin fəaliyyətinin yaxşı olmadığını bildirib.

""BakuBus" avtobuslarından başqa heç biri yaxşı vəziyyətdə deyil. Kəndlərə işləyən avtobusları çox sürətli və təhlükəli sürürlər. Avtobuslar bərbad vəziyyətdədir, sürücülər istədikləri kimi sürürlər. Pik saatlarda insanlar avtobusun qapısından sallanıb gedirlər. Bunu Suraxanıdan o bir tərəfə olan bütün avtobuslarda görə bilərik”.



Adını açıqlamayan digər sərnişin isə 199 nömrəli marşurutdan istifadə etdiyini və avtobusların xidmətindən narazı qaldığını deyir.

Sonuncu dayanacaqda sərnişinləri düşürən 30 nömrəli marşurut xətti üzrə avtobus sürücüsü olan Mübariz Əhmədov qoyulan plana görə sürücülərin təhlükəli sürdüyünü etiraf edib: “Həm plan çoxdur, həm də marşurut xətləri üst-üstə düşür. Bir xətlə iki-üç marşurut gedir. Sənədsiz avtobuslarda daha çox şüşəsi qırıq və ya qapısı açıq şəkildə sərnişin daşıyır. Onlara aramızda "cinkartlar" deyilir”.



32 nömrəli marşurut xəttindən istifadə edən gənc qız özünü təqdim etməsə də, bu vəziyyətə öyrəşdiklərini deyib. O, günün pik saatlarında basabas olsa da, sürücünün təhlükəli sürmədiyini bildirib. "Şəhərin mərkəzində olan avtobuslar kimi olmasa da, idarə edirik".



Müşahidə apardığımız müddətdə sərnişinlərin istifadə etdikləri avtobuslardan o qədər də razı qalmadıqlarını gördük. Lakin başqa çarə olmadığı üçün məcburən onlar belə avtobuslarla evdən işə və işdən evə gedirlər. Ümid edirlər ki, nə vaxtsa onlar üçün yeni avtobuslar gətiriləcək.















Aytən Zəhra
Foto: Şahin Sərdarov

AzVision.az


Teqlər: Avtobus   Sürücü   Sərnişin  





Xəbər lenti