Şoyqu Azərbaycanla Ermənistanı barışdırmağa hazırdır – “Nezavisimaya qazeta”

Şoyqu Azərbaycanla Ermənistanı barışdırmağa hazırdır – “Nezavisimaya qazeta”
  11 Oktyabr 2018    Oxunub:4129
Rusiya və onun kollektiv müdafiə üzrə müttəfiqləri – Belarus və Qazaxıstan ümumi siyasi və diplomatik səviyyələrdə post-sovet məkanındakı münaqişələrin həllində iştirak edirlər. Onlar Donbassdakı vəziyyətin tənzimlənməsində müəyyən aktivlik göstərirlər. Rusiya, Belarus və Qazaxıstan, həmçinin beynəlxalq təşkilatlar - ATƏT-in Minsk qrupu, BMT və KTMT çərçivəsində Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizamlanmasına çalışırlar. Amma bu proseslərə hərbçilər cəlb edilməsə, nizamlanma çətin olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Vladimir Muxinin Rusiyanın “Nezavisimaya” qəzetində dərc olunan “Şoyqu Azərbaycanla Ermənistanı barışdırmağa hazırdır” başlıqlı məqaləsində qeyd olunub.

Bildirilib ki, MDB dövlət başçılarının Düşənbədəki sammitindən sonra Daşkənddə MDB-yə üzv ölkələrin müdafiə nazirləri Şurasının növbəti iclası hazırlanır. İclasın gündəliyinə 20 məsələ salınıb:

“Hərbi-diplomatik mənbələr bildirir ki, Rusiya və Belarusun təşəbbüsü ilə MDB müdafiə nazirləri qeyri-formal şəraitdə, həmçinin keçmiş SSRİ məkanındakı donmuş münaqişələrin kollektiv həlli yollarını cızacaq və müzakirə edəcəklər. 28 sentyabrda Düşənbədəki sammitdə Rusiya prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında bu mövzu ilə bağlı gizli söhbət də olub.



Bu söhbəti şərh edən Lukaşenko bildirib ki, “MDB məkanında təhlükəsizliyə NATO-nun genişlənməsilə bağlı faktorlar, həmçinin donmuş münaqişələrlə əlaqəli aspektlər təsir edir. Sammitdə bu barədə təkcə bir prezident yox (V.Putin nəzərdə tutulur – “NQ”), çoxumuz danışdıq. Mən də, Nursultan Nazarbayev də Ukraynanın şərqi, Dnestryanı və xüsusən də, Dağlıq Qarabağ məsələsindən danışdıq. Biz necəsə təşkilatlanmalı və bu qordian (olduqca mürəkkəb – red.) düyünlərini birlikdə kəsməliyik””.



Müəllif yazır ki, bu baxımdan MDB dövlət başçılarının sammiti çərçivəsində Düşənbədə görüşən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi regionunda təmas xəttində və hər iki dövlətin sərhəddində gərginliyin azaldılması üçün öz ölkələrinin müdafiə nazirlərinə konkret addımların atılması barədə göstəriş verəcəklərinə dair razılığa gəlmələri heç də təsadüfi deyildi.



Belə ki, Paşinyanla İlham Əliyev hər iki tərəfdən operativ əlaqə kanalının yaradılması barədə razılaşıblar. Görüş zamanı texniki detallar müzakirə olunmasa da, bu kanal atəşkəs rejiminin qorunub saxlanmasına da kömək edə bilər:

“Azərbaycan və Ermənistan rəhbərləri arasında bu cür əlaqə Rusiya Müdafiə Nazirliyinin iştirakı ilə hər iki ölkənin müdafiə qurumları tərəfindən cəld və effektiv şəkildə təşkil edilə bilər. Və görünür, bu məsələ Daşkənddə müzakirə olunacaq. Çünki MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin də dediyi kimi, 12 oktyabrda Daşkənddə keçiriləcək MDB müdafiə nazirləri Şurasının iclası çərçivəsində 2022-ci ilədək müştərək (birləşmiş) əlaqə sisteminin, həmçinin MDB ölkələri Silahlı Qüvvələrinin fəaliyyətinin informasiya təminatının inkişafına istiqamətlənən sənədlərin imzalanması planlaşdırılır”.



Məqalədə qeyd olunur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində İrəvanla Moskva arasında belə bir əlaqə kanalı artıq mövcuddur. Hərbi əməkdaşlıq üzrə tərəfdaş olan Rusiya və Azərbaycan da öz aralarında etibarlı hərbi əlaqə kanalına malikdirlər.

Məqalədə şərhinə yer verilən rusiyalı hərbi ekspert, general-leytenant Yuri Netkaçev əmindir ki, “əgər bu kanallar Rusiya müdafiəsinin idarəedilməsi üzrə Milli Mərkəzin rabitə qovşağına və ya KTMT-nin Moskvada yerləşən birləşmiş qərargahına birləşdirilsə, onda Əliyevlə Paşinyan Moskva vasitəsilə, necə deyərlər, məxfi və problemsiz əlaqə saxlaya biləcəklər. Bununla da, Dağlıq Qarabağda sabitliyi təmin etmək mümkün olacaq. Və bu zaman rusiyalı sülhməramlılar və MDB-nin digər ölkələrindən olan mavi dəbilqəlilər də faydalı ola bilər. Bu, yeni ideya deyil. Amma onun həyata keçməsilə danışıqlar masası arxasındakı siyasətçilər məşğul olmalıdırlar. Fikrimcə, dünyadakı əksər donmuş münaqişələrdə sabitliyi məhz hərbi-humanitar strukturlar təmin edirlər”.

Lakin məqalədə digər rusiyalı hərbi ekspert, polkovnik Şamil Qareyev sülhməramlılar məsələsi ilə bağlı fərqli mövqe ortaya qoyub: “Təəssüf ki, bir sıra post-sovet ölkələrində Rusiya düşmən kimi qəbul olunur. Və onlar keçmiş SSRİ ərazisindəki sülhməramlı əməliyyatlarda Rusiyanın iştirakına qarşı çıxırlar".

Numunə kimi Qareyev Gürcüstan, Ukrayna və Moldovanı misal gətirib.

Bununla belə məqalədə istisna edilmir ki, Azərbaycanla Ermənistan rəhbərləri arasında operativ əlaqə kanalının yaradılması prosesinə Rusiyanın Müdafiə Nazirliyi və ona rəhbərlik edən Sergey Şoyqu, həmçinin, KTMT-nin strukturları cəlb olunacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Rusiya   MDB  





Xəbər lenti