Parlamentdə rus qadınların Qarabağa səfərinə etiraz edildi

Parlamentdə rus qadınların Qarabağa səfərinə etiraz edildi
  12 Oktyabr 2018    Oxunub:1229
“Azərbaycan Rusiya münasibətləri yüksək səviyyədədir. Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prerzidenti Vladimir Putinin görüşü bunu bir daha göstərir. Amma təəssüflə deməliyəm ki, oktaybrın 7-də Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa bir qrup rusiyalı qadın qanunsuz səfər edib. Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədr müavini Svetlana Jurova da olub. Onlar səfərlərini sülhlə bağlı adlandırırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Qarabağ müharibəsini Ermənistan və Qarabağ erməni separatçıları başlayıblar”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Hüseynova deyib.

“Onlara məlum deyilmi ermənilər tərəfindən Xocalı soyqırımında 106 qadın, 63 uşaq qətlə yetirilib? Qarabağ müharibəsi zamanı erməni seperatçıları tərəfindən qətlə yetirilən insanlar arasında yalnız azərbaycanlılar deyil, rus millətinin nümayəndələri də olub. Bu terrorçu əməlləri ilə ermənilər onlarla rus analarını da gözüyaşlı qoyublar. Jurovanın bu aksiyaya qoşulması Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi mövqeyi və rolu haqqında Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər. Ona görə də mən onları bu qanunsuz səfərlərdən çəkinməyə çağırıram”- deyə, deputat əlavə edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti