"Yad dini-ideoloji təsirlərin qarşısı alınmalıdır" - Gündüz İsmayılov
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği olduqca vacibdir. Çünki ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır.
DQİDK-nın sədr müavini onu da bildirib ki, məzhəbçilik, təhsildən uzaqlaşma dini radikalizmin əsas elementlərindəndir. Eyni zamanda, haqsız yerə qan tökmək, qətl törətmək dinimizdə ən böyük günahlardan hesab olunur. İdeoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə azərbaycançılığın nəzərdə tutulduğunu deyən sədr müavini təəssüflə qeyd edib ki, bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar.
G.İsmayılov sonda dini radikalizmin təsirlərindən qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olmasının vacibliyini diqqətə çatdırıb.
Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb.
AzVision.az