Dilqəmin vəziyyəti ilə bağlı ailəsinə məlumat verilib

Dilqəmin vəziyyəti ilə bağlı ailəsinə məlumat verilib
  13 Oktyabr 2018    Oxunub:1812
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri (BQXK) oktyabr ayının əvvəlində Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov AzVision.az-a bildirib ki, atasından məktəb gətirilməsə də, BQXK nümayəndələri girovun vəziyyəti ilə bağlı onlara şifahi məlumat veriblər.
“BQXK nın nümayəndələri ilə görüşdüm. Atam haqqında mənə ətraflı məlumat verdilər. Ancaq əfsuslar olsun ki, yenə məktub gətirməyiblər. Dedilər ki, atam özü ailəsinə məktub yazmayıb. Verdikləri məlumata görə, guya atamın səhhəti normaldır. Əvvəl gəzə bilmirdi. Artıq sağaldığını bildirdilər. Dedilər ki, sağalıb, səhhətində problem yoxdur. Bundan artıq bizə məlumat vermədilər. Bir ildir ki, atamdan məktub yoxdur. Onlara sual verdim ki, niyə axı atam öz doğma ailəsinə məktub yazmaq istəməsin. Bunun səbəbi nədir? Eyni cavabı verdilər. Mən isə təbii olaraq buna inanmıram. Başqa çarəmiz yoxdur, onların verdikləri naməlum məlumatların ümidinə qalmışıq“, - deyə girovun oğlu qeyd edib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Girov   Dilqəm-Əsgərov  





Xəbər lenti