Gömrükdə islahatların ikinci mərhələsi başladı

Gömrükdə islahatların ikinci mərhələsi başladı
  13 Oktyabr 2018    Oxunub:3020
Dövlət Gömrük Komitəsində həyata keçirilən islahatlarının ikinci mərhələsi başlanıb. Bu mərhələ çərçivəsində həyata keçiriləcək tədbirlərdən biri də gömrük orqanları əməkdaşlarının mövcud potensialının, yəni bilik və bacarıqlarının müəyyən edilməsidir. Bu məqsədlə müvafiq qanunvericiliyə uyğun olaraq gömrük əməkdaşlarının attestasiyası keçirilir.
Dövlət Gömük Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edərək bildirib ki, dövlət müstəqilliyimizlə yaşıd olan ölkəmizin gömrük orqanları ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində formalaşaraq qısa zaman kəsiyində mühüm dövlət təsisatlarından birinə çevrilib və ulu öndər Heydər Əliyevin ideyalarının sadiq davamçısı Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi innovativ islahatlar gömrük orqanlarının da dinamik inkişafına şərait yaradıb.



Qeyd edilib ki, bu ilin 2-ci rübündə gömrük orqanlarında başladılan islahatlarının birinci mərhələsi başa çatıb və tətbiq edilən yeniliklər gömrük sisteminin daha da çevik şəkildə idarə edilməsini və modernləşməsini təmin edib. İslahatların birinci mərhələsinin nəticəsi olaraq şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı qətiyyətli mübarizə, sahibkarlıq mühitinin yaxşılaşdırılması, maliyyə nəzarətinin effektli şəkildə həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması istiqamətində mühüm nailiyyətlər əldə olunub.



İsmayıl Hüseynov bildirib ki, qazanılan uğurlar bizi arxayınlaşdırmamalı, ölkəmizin sürətli iqtisadi inkişafının davamlılığının təmin edilməsi, tranzit potensialının gücləndirməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin maksimum dərəcədə təmin olunması üçün daha da əzmlə çalışmalı, işimizi günün tələbləri səviyyəsində qurmalıyıq.



O da vurğulanıb ki, artiq islahatların ikinci mərhələsi başlanıb və bu mərhələdə əsas hədəflərdən biri də kadrların potensialının üzə çıxarılması və ondan düzgün istifadənin təmin edilməsidir. Bu məqsədlə keçirilən attestasiyanın nəticələri gömrük sistemində kadrların düzgün seçilməsinə və yerləşdirilməsinə, vəzifəli şəxslərin cavabdeh olduğu sahəyə uyğunluğunun müəyyənləşməsinə imkan verəcək. Attestasiya həm də gömrük orqanları əməkdaşlarının peşə bilik və bacarıqlarının aşkar olunmasına, əməkdaşların potensialından səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunmasına şərait yaradacaq.

Tədbirdən sonra attestasiya komissiyasının üzvlərinin iştirakı ilə gömrük əməkdaşlarının attestasiyasına start verilib.







AzVision.az


Teqlər: Gömrük   İslahat   DGK  





Xəbər lenti