Sarkisyan Paşinyanı “baltalaya” bilər - Gizli Moskva səfəri

Sarkisyan Paşinyanı “baltalaya” bilər - Gizli Moskva səfəri
  15 Oktyabr 2018    Oxunub:1511
“Ermənistan prezidenti Armen Sarkisyanın Moskvaya gizli səfəri zamanı aparılan müzakirələr bu ölkə ilə bağlı Rusiyanın bundan sonrakı qərarlarında həlledici rol oynaya bilər”

Bu fikirləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Ermənistan prezidenti Armen Sarkisyanı gizli Moskva səfərini AzVision.az-a şərh edərkən deyib.
Armen Sarkisyanın sabiq baş nazir Serj Sarkisyan tərəfindən prezidentliyə təqdim və təyin olunduğunu xatırladan politoloq hesab edir ki, onu sabiq prezidentin adamı hesab etmək olar.

"Onu daha çox Serj Sarkisyanın adamı hesab etmək olar. Namizədliyi də Moskva ilə də razılaşdırılıb. Hazırkı baş nazir Nikol Paşinyanın çılğınlığı, kütlə emosiyaları ilə oynaması, parlamenti vaxtından əvvəl buraxmağa çalışması, kontitusiyaya “əl gəzdirmək” istəməsi Moskva tərəfindən ciddi şəkildə izlənilir. Ona görə də Moskva üçün birinci əldən, Sarkisyan kimi həm diplomatik işdə, həm də Ermənistanda çalışmış adamdan məlumatlar almaq və bu proseslərin hara gedəcəyi haqqında fikir mübadiləsi aparmaq çox əhəmiyyətlidir. Ermənistan prezidentinin gizli səfəri məhz bu məqsədlə baş tutub".



Q.Hüseynli qeyd edib ki, Moskva hələlik Paşinyanla yekun bir qərara gələ bilmir: “Moskvada bir tərəfədən Paşinyanın hərəkətlərinə təşviş hissi varsa, digər tərəfdən belə hesab edirlər ki, onu həmişə öz təsir dairələrində saxlamaq mümkün olacaq. Hazırda Paşinyan bir az irəli gedərək parlamenti buraxmağa və yeni seçkilər keçirməyə çalışır. Sözsüz ki, bu seçkilərdə parlamenti ələ alacaq və ona mənsub olan bütün hakimiyyət strukturlarını legitimləşdirəcək. Belə olan halda Paşinyan necə hərəkət edəcək? Parlament üsul-idarəsini saxlayacaqmı? Yaxud prezident hakimiyyətinin taleyi necə olacaq? Bütün bunlar Moskva tərəfindən diqqətlə izlənilir. O cümlədən, Moskvaya maraqlıdır ki, Rusiya ilə münasibətlər haqqında Armen Sarkiyan nə düşünr? Bir çox məsələlər var ki, Rusiya öz xətti ilə bu məlumatları əldə edir. Amma görünür prezident Armen Sarkisyanla bu məsələləri daha ətraflı, təfərrüatlı müzakirə etmə ehtiyacı duyulub. Hesab edirəm ki, səfər məhz bunlardan irəli gələrək təşkil edilib və gizli saxlanılıb”.

Politoloqun fikrincə, Sarkisyanın səfəri Paşinyanın taleyi üçün də həlledici ola bilər: “Sarkisyanın fikirləri Rusiyanın bundan sonrakı qərarlarında həlledici rol oynaya bilər. Amren Sarkisyan fikirləri ilə Paşinyanı ya “baltalaya”, ya da Moskvanı bir müddət gözləməyə çağıra bilər. Bu nöqteyi-nəzərdən Sarkisyan İrəvanda formalaşmaqda olan hakimiyyətin taleyinin müəyənləşdirilməsində mühüm əhəmiyyətə malik personlardan biridir. Proseslərin gedişatı göstərəcək ki, Sarkisyan Moskvada özünü necə aparıb”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   Moskva   İrəvan   Sarkisyan   Paşinyan  





Xəbər lenti