Şərabçılıq Azərbaycana böyük gəlir gətirə bilər – TƏHLİL

  16 Oktyabr 2018    Oxunub : 10254
Şərabçılıq Azərbaycana böyük gəlir gətirə bilər – TƏHLİL
Şərabçılıq tarixən Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayıb və aparıcı sahələrdən biri sayılıb. Ümumiyyətlə, Azərbaycan şərabı gözəl, təkrarolunmaz ətrinə, keyfiyyətinə görə həmişə məşhur olub. Buna görə də, şərabçılıq Azərbaycanda yeyinti sənayesinin ən mühüm sahələrindən biri kimi böyük əhəmiyyət daşıyıb.
Keçən əsrin 80-ci illərində respublikada 210 şərab zavodu və şərabçılıq məntəqələri fəaliyyət göstərib və bu sistemdə 151 mindən artıq fəhlə və mütəxəssis çalışıb, 56 adda şərab, 10 adda konyak, 4 adda şampan şərabı və digər məhsullar istehsal edilib.

Ümumiyyətlə, keçmiş Sovet İttifaqında şərab və konyak istehsalı sahəsində Azərbaycanın çəkisi yüksək olub və daima inkişaf edib. İstehsalın kəmiyyətcə artması ilə yanaşı, şərab məhsullarının keyfiyyəti də dayanmadan yaxşılaşıb və çeşid genişlənib. Sovet illərində Azərbaycanda üzümçülük və şərabçılıq üzrə ayrıca bir qurum - Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi. Komitəyə daxil müəssisələrdə 300 mindən artıq insan işləyirdi. Həmin illərdə təkcə üzümçülükdən gələn vəsaitlər respublikanın dövlət büdcəsinin 40%-ni təşkil edirdi. Bütövlükdə kənd təsərrüfatının isə Azərbaycan dövlət büdcəsində payı 60%-ə bərabər idi. Müqayisə üçün qeyd edək ki, hazırda bu rəqəmin 90%-dən çox neft və qaz sektorunun payına düşür.

Lakin keçmiş Sovet İttifaqı rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri 1985-ci ildən sonra Azərbaycanda sözügedən sahəyə böyük zərbə vurdu. 130 min hektardan çox məhsuldar sayılan üzüm bağları məhv edildi, uzun illər ərzində böyük zəhmət hesabına yaradılan infrastruktur dağıdıldı. Ermənistan tərəfinin Azərbaycana qarşı 1988-ci ildən başlatdığı işğal nəticəsində isə Qarabağ torpaqlarında 45 min hektardan çox üzüm bağı da nəzarətsiz qaldı. Yəni, 180 min hektara yaxın üzüm bağı hələ sovet illərində itirildi. Qalan 80 min hektardan çox üzüm bağı isə Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə məhv oldu. 1990-cı illərdə Rusiya ilə əlaqələrin qırılması nəticəsində şərab zavodları məhsulunu sata bilmədi və əhalidən üzüm tədarük edilmədi. Nəticədə də, təsərrüfatlarda üzümlüklər məhv edilərək yerində taxıl və başqa bitkilər əkilməyə başlandı.

Bəs, bu gün vəziyyət necədir?

Şərab və şərabçılıq məhsullarının iqtisadi və sosial əhəmiyyəti nəzərə alınaraq, ölkədə şərabçılığın yenidən inkişaf etdirilməsi və bu dəfə tamamilə yeni mərhələdə özünü tanıtması artıq, bir neçə ildir, qarşıya qoyulan ən ümdə vəzifələrdən biri sayılır. Bu baxımdan, sözügedən sahədə həyata keçirilən dəstək tədbirləri ilə yanaşı, şərab istehsalçılarının da maraqlarının təmin edilməsi əsas götürülür. Bu isə, istehsal olunan məhsulların dünya bazarında rəqabətqabiliyyətli və qiymətinə görə münasib olmasını tələb edir.



Şərab və şərabçılıq məhsullarının keyfiyyəti isə üzüm sortlarının texnoloji xüsusiyyətləri ilə keyfiyyətindən asılıdır. Odur ki, üzümçülük təsərrüfatları yaradılarkən texniki üzüm sortların düzgün seçilməsinə başlanıb. Bölgənin torpaq-iqlim şəraiti nəzərə alınır, sortlar bölgələr, mikrobölgələr üzrə düzgün yerləşdirilir və sortlara diferensial aqrotexniki qulluq tətbiq edilir.

Ölkədə üzümçülük və şərabçılığın bərpası istiqamətində atılan ilk addımlardan biri 19 oktyabr 2001-ci il tarixində qəbul olunmuş “Üzümçülük və şərabçılıq haqqında” Qanun oldu. Ümumiyyətlə, şərabçılıq sənayesinin hüquqi bazasını möhkəmləndirmək məqsədilə Azərbaycanda dövlət proqramları işlənib hazırlandı ki, qiymət, kredit və vergi sistemləri təkmilləşdirildi, lisenziya və sertifikatlaşdırma qaydalarına yenidən baxıldı.

Bundan əlavə, üzümçülüyün inkişafı üzrə tədbirlərin sırasında «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» və «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsul-luğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” kimi sənədlər də mühüm rol oynadı. Bununla yanaşı, Respublika Prezidenti tərəfindən bölgələrə səfərlər zamanı üzümçülüyün prioritet sahə olduğu diqtə olunmağa başlandı.

Lakin ən əhəmiyyətlisi Prezidentin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2012–2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” oldu. Bu sənəd, respublikada üzümün və onun emal məhsullarının istehsalını artırmağı, ölkə əhalisinin təzə və keyfiyyətli üzümə tələbatını daha dolğun ödəməyi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatını yaxşılaşdırmağı nəzərdə tutur. Və bütün bunların sayəsində də, nəticələr özünü çox gözlətmədi. Ölkədə üzüm bağları bərpa edilməklə yanaşı, genişləndirilməyə başlandı ki, keyfiyyətli şərab məhsulları istehsal olunmasına start verildi. Və bunlar da elə ilk mərhələdə idxal edilənn şərablardan keyfiyyətinə görə seçilir.

2015-ci ilin statistik məlumatlarına əsasən, respublikada üzümün əkin sahəsi 16,1 min hektar, istehsalın həcmi isə 157,1 min ton olmuşdu. Hər il 100 hektarlarla müasir tipli üzüm bağları salınır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ənənəvi üzümçülük rayonlarında yeni-yeni üzüm bağlarının salınması siyasəti yürüdülür ki, hər il bu rayonlar üzrə sahələr təxminən 200 hektar artırılır. Məsələn, bir il Şamaxıda 1,1 min hektar üzüm bağı olubsa, növbəti ildə 1,3 min hektara çatdırılıb. 2020-ci ildə isə Şamaxıda üzüm bağlarının sahəsi 5,5 min hektar olmalıdır. Yəni, hədəf məhz bu cür götürülüb.

Ölkədə şərabçılığın davamlı inkişafının təmin edilməsi, o cümlədən bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, potensial imkanlardan səmərəli istifadə edilməsi, həmçinin şərab istehsalına və ixracına marağın artırılması məqsədilə 2018-ci ilin may ayında “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” da təsdiq edildi.

Bu proqramın məqsədi isə konkret olaraq, şərab və şərabçılıq məhsullarına olan tələbatı ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanlarını nəzərə almaqla ödəmək, şərab istehsalı müəssisələrinin fəaliyyətini genişləndirmək və müasir texnologiyalar əsasında qurmaq, xammal təminatını yaxşılaşdırmaq, şərabçılıq məhsullarını ixracını artırmaq və kənd əhalisinin məşğulluq səviyyəsini yüksəltmək üçün ölkədə üzümçülüyün, şərabçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir.

Dünya üzrə şərab və şərabçılıq məhsullarının ixracı 1 milyard dekalitr təşkil edir. Ən çox məhsul ixrac edən ölkələr İspaniya, İtaliya, Fransa, Çili, Avstraliya, CAR, ABŞ, Almaniya, Portuqaliya, Argentina, Yeni Zelandiya və Moldova hesab edilir. Eyni zamanda, son onillikdə Almaniya, Böyük Britaniya, ABŞ, Fransa, Çin, Kanada, Rusiya, Niderland, Belçika, Yaponiya, İsveç və İsveçrə yüksək idxal həcmləri ilə seçilib.

Dövlət başçısı İlham Əliyev bu yaxınlarda etdiyi çıxışlarının birində qeyd edib ki, indi Azərbaycan şərab evlərini açmağa başlayıb. “Artıq bir neçə ölkədə şərab evləri fəaliyyətə başlayır. Bizim şərabımıza böyük maraq var. Biz şərabçılıqla bağlı olan bütün məsələləri çox ciddi təhlil etmişik. Şərab zavodlarının fəaliyyəti üçün bütün şərait yaradılıb. Bu, çox gəlirli sahədir” – deyə, Prezident vurğulayıb.



Şərab ixracı prosesinə xarici ölkələrdə açılan ticarət və şərab evləri həqiqətən böyük rəvac verir və verəcək də... Odur ki, həm də bu məqsədlə 2018-ci i ilin sonunadək Birləşmiş Ərəb Əmirlikləri, Çin, Polşa, Qazaxıstan və Rusiyada da Azərbaycanın ticarət və şərab evlərinin açılacaq. Azərbaycanın ilk belə ticarət evi 2017-ci ildə Belarusda açılıb.

Yeri gəlmişkən, Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2017-ci ildə 1 milyon dekalitri ötüb. Bunun da 375 min dekalitri ixrac edilib. Şərab məhsulları əsasən, Rusiyaya (338 min dekalitr) və Çinə (27 min dekalitr) göndərilib.

Aparılan təhlillər göstərir ki, istehsalın həcmi ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələrinin faktiki potensialından hələki dəfələrlə azdır. Mövcud vəziyyətə, ilk növbədə, şərabın əsas xammalını təşkil edən üzümün maya dəyərinin yüksək olması təsir edir ki, bunlar yuxarıda qeyd etdiyim, hökumətin həyata keçirdiyi ardıcıl xarakter daşıyan tədbirləri nəticəsində və o cümlədən müvafiq proqram və sənədlər əsasında aradan götürülür.

Təsadüfi deyil ki, 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə 2018-ci ilin 5 ayı ərzində şərab ixracı 80 %-dən çox artıb. İlin sonunadək isə bu, 100%-i ötəcək. Azərbaycan şərabının ixracının əsas istiqamətləri Rusiya (85%), Çin (7%) olsa da, Avropa Birliyi, Belarus və Qırğızıstan da siyahıya daxildir. Ümumiyyətlə isə getdikcə, belə ölkələrin sayı artır. Çünki 2025-ci ilədək Azərbaycandan şərab ixracı bu sahədə yuxarıda adını çəkdiyim Dövlət Proqramına əsasən 5 dəfə artmalıdır.

Sözün qısası, növbəti onillikdə Azərbaycan ixrac edəcəyi öz qeyri-neft məhsulları sırasında ən çox həm də şərabına görə tanınacaq.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: Şərabçılıq