"Azərbaycanda dini durum sabitdir" - Səyavuş Heydərov

"Azərbaycanda dini durum sabitdir" - Səyavuş Heydərov
  16 Oktyabr 2018    Oxunub:1177
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində “Dini ekstremizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
Qurumdan AzVision.az-a verilən xəbərə görə, əvvəlcə DQİDK-nın sifarişi əsasında çəkilmiş, Azərbaycan Respublikasının ərazi bötövlüyü uğurunda şəhid olmuş, eləcə də dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərlərdən bəhs edən “Şəhadət” sənədli filmi nümayiş olunub.

Daha sonra çıxış edən DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, polkovnik Bəhruz Quliyev mövzunun əhəmiyyətindən danışıb. B. Quliyev DQİDK-nın dini maarifləndirmə, eləcə də dini radikalizmlə mübarizə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib. “Bu istiqamətdə çəkilmiş “Fitnə” “Şəhadət” sənədli filmləri böyük əhəmiyyətə malikdir”-, deyə natiq əlavə edib.

DQİDK-nın sədr müavini S.Heydərov çıxışında qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ictimai-siyasi, o cümlədən dini durum sabitdir. Sədr müavini vurğulayıb ki, dövlətimizin din sahəsindəki başlıca vəzifəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, eləcə də vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasıdır. DQİDK-nın sədr müavini onu da bildirib ki, dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur, eyni zamanda ictimai-siyasi asayışın daha mükəmməl təminatı üçün olduqca mühümdür.

Natiq dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə də ətraflı məlumat verib, DQİDK-nın digər qurumlar, o cümlədən hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. DQİDK-nın sədr müavini dini radikalizmlə mübarizədə preventiv, zəruri hallarda isə proflaktik tədbirlərin həyata keçirilməsinin vacibliyindən bəhs edib. S.Heydərov onu da qeyd edib ki, zərərli dini ideologiyaların təsirinə məruz qalan şəxslərin ətrafında müvafiq tədbirlər həyata keçirilməklə onların rebilitasiyası və cəmiyyətə reinteqrasiyasına diqqətin artırılması vacib məsələdir.

Ölkəyə idxal olunan dini ədəbiyyatlardan da bəhs edən S. Heydərovun sözlərinə görə, Dövlət Komitəsində müxtəlif dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların respublikamıza idxalına razılıq verilməyib.

Sonda DQİDK sədr müavini dini radikalizm və dini ekstremizmlə mübarizədə hər kəsin ayıq-sayıq olmasnın vacibliyini diqqətə çatdırıb.

AzVision.az


Teqlər: DQİDK   DGK  





Xəbər lenti