Bayılda yaşayış evi uçub - FOTO

Bayılda yaşayış evi uçub - FOTO
  17 Oktyabr 2018    Oxunub:3115
Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində 9 nömrəli ev yağan yağışlar nəticəsində tamamilə dağılıb.

Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, "Bayıl amfiteatrı" adlanan ərazi riskli zona kimi xəritədə qeyd olunub: “Yaz aylarında həmin ərazilərdə uçqun və müəyyən çökmə prosesləri baş vermişdi. 23-ə yaxın ev qəzalı vəziyyətdə idi və təhlükə gözlənilirdi. Bu gün 9 saylı evdə uçma prosesi oldu. Evdə yaşayış olub, amma heç bir vətəndaş xəsarət almayıb. Qonşu evlərin bir neçəsinin divarlarında çatlar müşahidə olunur”.

Ə. Qaralovun sözlərinə görə, həmin ərazidəki evlər 40-50 il əvvəl tikilib.



Qeyd edək ki, ərazi yüksək mailli yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   Bayıl  





Xəbər lenti