27900 şüşə saxta içki aşkar edildi - FOTOLAR
Məlumat verildiyi kimi, göstərilən halların qarşısının alınması məqsədilə bu ilin avqust ayından alkoqollu içkilərin istehsalı ilə məşğul olan 30 vergi ödəyicisində aksiz - nəzarət postları fəaliyyətə başlayıb. Aksiz postlarının fəaliyyəti, qanunsuz məhsullarının daxili bazarda satışının qarşısının alınması, vergi ödəyicilərinin fəaliyyətində uçotun və nəzarətin bərpa edilməsi nəticəsində müəssisələrin istehsal və satış həcmləri ilə bağlı real mənzərə müəyyən olunmağa başlayıb. Xüsusilə arağın istehsalı və daxili bazarda satış həcmlərində 3 dəfə artım qeydə alınıb. Şərab satışı isə, əksinə 2018-ci ilin yanvar-iyul aylarının orta aylıq göstəricilərinə nisbətən müvafiq həcmdə aşağı düşüb.
Aksiz-nəzarət postlarının tətbiqi nəticəsində həm də dövlət büdcəsinə hesablanan vergilər artıb. Spirtli içkilərin öz təyinatına uyğun olaraq bəyan edilməsi nəticəsində cari ilin orta aylıq və iyul ayı göstəriciləri ilə müqayisədə istehsalçılar tərəfindən hesablanmış aksiz vergisi və ödənilmiş vergi məbləği 60%-dən çox artıb. Yaranmış vəziyyətlə əlaqədar Vergilər Nazirliyi İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərini məlumatlandırıb. Sentyabrın 22-də Vergilər, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, habelə Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə iri şərabçılıq şirkətlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə bu sahədə mövcud vəziyyət, uçot sisteminə nəzarətin gücləndirilməsi məsələləri müzakirə edilib, yerli istehsalçıların daxili bazarda mövqelərinin qorunması üçün qanunvericilikdə dəyişikliklərlə bağlı təklifləri dinlənilib. Müzakirələrin nəticəsi olaraq, hazırlanmış təkliflər hökumətə təqdim olunub.
Bununla yanaşı, Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və satıcılarına bir daha xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Bu halda könüllü bəyanetmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq. Eyni zamanda, diqqətə çatdırılır ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.
Vergilər Nazirliyi xatırladır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.
AzVision.az
Teqlər: Vergilər-Nazirliyi