Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları

  17 Oktyabr 2018    Oxunub : 321
Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları
Bakı məktəbliləri yeni tədris ilində idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda parlaq uğurlar qazanıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision -a verilən xəbərə görə, idarənin tabeliyindəki 191 nömrəli tam orta məktəbin VI sinif şagirdi Yasin İbrahimov Rusiya Federasiyasında 11-13 yaşlılar arasında keçirilən taekvando idman növü üzrə dünya çempionatında 34 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yüzlərlə iştirakçı arasında qalib gələn istedadlı məktəbli əldə etdiyi uğura görə qızıl medal, kubok, Fəxri fərman və diplomla təltif edilib.

Paytaxtdakı 238 nömrəli tam orta məktəbin X sinif şagirdi Səbuhi Abbasov qaydasız döyüş idman növü üzrə 15-17 yaşlılar arasında Moskva şəhərində keçirilən dünya çempionatında II yerə layiq görülüb. Yarışın nəticələrinə əsasən, məktəbli gümüş medal və dilpomla təltif olunub.

Bundan əlavə, Bakı şəhəri 81 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ələkbər Qafarzadə qaydasız döyüş idman növü üzrə 11-12 yaşlılar arasında Bakıda keçirilən dünya çempionatında 35 kiloqram çəki dərəcəsində I yerə layiq görülüb. Ə.Qafarzadə qızıl medal və diplomla təltif edilib.

Uğur qazanan digər idmançılar isə Türkiyədə cüdo üzrə keçirilən beynəlxalq yarışda qalib gələn 13 nömrəli tam orta məktəbin şagirdləridir. Belə ki, yarışın nəticələrinə əsasən, məktəbin IX sinif şagirdləri Orxan Məcidli və Rövşən Hüseynov I, VI sinif şagirdləri Kənan Məmmədli I, İmran Zülfüqarzadə isə III yerə layiq görülüb. Qalib məktəblilər medal və diplomlarla mükafatlandırılıblar.

Azvision

Teqlər: BŞTİ   Məktəb   Təhsil