Komitə sədri Gürcüstan səfiri ilə görüşüb

  18 Oktyabr 2018    Oxunub : 276
Komitə sədri Gürcüstan səfiri ilə görüşüb
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Komitədən Azvision -a verilən məluamat görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qonağı səmimi salamlayaraq Azərbaycanla Gürcüstan arasındakı tarixi qonşuluq və dostluq münasibətlərindən bəhs edib, bu münasibətlərin iki ölkənin rəhbərləri tərəfindən strateji tərəfdaşlıq müstəvisində uğurla davam etdirildiyini vurğulayıb.

Gömrük sahəsində əlaqələrdən də məmnunluqla bəhs edən Komitə sədri, işgüzar və səmərəli münasibətlərin iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, logistika və nəqliyyat sahəsindəki layihələrin uğurla icrasına münbit şərait yaratdığını deyib.

Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində aparılan modernləşdirmə layihələri barədə məlumat verib. Qeyd edilib ki, məqsəd elektron xidmətlərin sayının və səviyyəsinin artırılması, “yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin genişləndirilməsi və şəffaflığın tam təmin olunması hesabına beynəlxalq ticarətin asan və sürətli həyata keçirilməsini təmin etməkdir. Bu isə Azərbaycanla yanaşı, Gürcüstanın da həm siyasi, həm də iqtisadi mövqeyinin və gücünün artmasına münbit şərait yaradır.

O da bildirilib ki, Avropa İttifaqının dəstəyi ilə “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində görülən işlər, burada fəaliyyət göstərən Ticarətin Asanlaşdırılması Mərkəzi sərhədkeçmə prosesinin asanlaşmasına və təhlükəsiz şəkildə reallaşmasına imkan verəcək. Komitə sədri gələcəkdə iki ölkənin sərhədində inşa olunacaq və tarixi “İpək yolu”nun imkanlarını daha da genişləndirəcək yeni gömrük-sərhəd buraxılış məntəqəsindən, burada hər iki ölkənin uyğun qurumlarının birgə nəzarət mexanizmindən də danışıb, yeni layihənin həm regionda, həm də beynəlxalq sferada ilklərdən olacağını məmnunluqla dilə gətirib.

Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze səmimi görüşə görə təşəkkürünü bildirib və Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi münasibətlərin daim yüksələn xəttlə inkişaf etdiyini, iki ölkənin gömrük orqanları arasında işgüzar və səmərəli dialoqun da bu əlaqələrin inkişafına töhfə verdiyini söyləyib.

Səfir iki ölkə arasında turizm sahəsində yeni layihələrin tətbiqinin vacibliyinə toxunub və bu istiqamətdə görüləcək işlər və atılacaq addımlar barədə məlumat verib. Azərbaycanın bütün sahələrdə daim Gürcüstanı dəstəklədiyi vurğulanıb və əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Azvision

Teqlər: Gömrük   Sədr   Səfir