Mingəçevirlilər “Əsgərə məktub” layihəsinə qoşulub

Mingəçevirlilər “Əsgərə məktub” layihəsinə qoşulub
  19 Oktyabr 2018    Oxunub:1328
Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi ilə bağlı Mingəçevirdə tədbir keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, kütləvi-vətənpərvərlik tədbirinə Mingəçevir Şəhər Texniki Humanitar Liseyinin müəllim və şagirdləri, “N” hərbi hissəsinin əsgərləri, “ASAN xidmət” könüllüləri qatılıblar.

Tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verilərək onun Azərbaycanın müxtəlif regionlarında həyata keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, layihənin məqsədi ictimaiyyətlə ordu arasında əlaqələri möhkəmləndirmək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gecə-gündüz keşik çəkən, Vətənimizi düşməndən qoruyan hərbçilərə mənəvi dəstək olmaq, onların ruh yüksəkliyini daha da artırmaqdır.

Layihəyə qoşulanlar məktub yazmaqla yanaşı, videoçəkiliş vasitəsilə də ordu sıralarında xidmət edən hərbi qulluqçulara arzularını çatdırıblar.

Mingəçevir Şəhər Texniki Humanitar Liseyin direktoru Nailə Məmmədova xalq və ordu arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən bu layihənin təşkilini yüksək qiymətləndirib.

Tədbirdə iştirak edən N nömrəli hərbi hissənin bir qrup əsgər və zabit heyəti şagirdlərə, gələcəyin əsgərlərinə vətənpərvər olmağı, Vətənin hər qarışını sevməyi tövsiyə ediblər.

Əsgərlərin şagirdlər ilə birgə rəqsləri, vətənpərvərlik ruhunda mahnı ifaları tədbiri daha da yaddaqalan edib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti