Bərpa olunan enerji ilə bağlı qanun layihəsi hazırlanır
"Dünyanın əksər ölkələrində bu sahə dövlət tərəfindən davamlı dəstək tələb edən strateji istiqamət hesab olunur. Buna görə də bir çox hallarda bu sahəyə kifayət qədər investisiya cəlb etmək üçün müxtəlif təşviq mexanizmlərinin tətbiqi zərurəti yaranır. Zəmanətli tariflər ən çox tətbiq edilən stimullaşdırıcı tədbirlərdəndir. Azərbaycanda da bərpa olan enerji mənbələrindən istifadə sahəsinə dövlət investisiyası ilə yanaşı, özəl investisiyaların cəlbi məqsədilə "Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin satın alınması ilə bağlı zəmanətli tarif mexanizminin tətbiqi qaydaları”nın ilkin layihəsi hazırlanıb. Bu qaydalar bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı üzrə investisiya layihələrinin zəmanətli tarif tətbiq edilməklə həyata keçirilməsi şərtlərini, investorlar qarşısında qoyulan tələbləri, alqı-satqı müqavilələrinin xüsusiyyətlərini və şərtlərini, investisiya qoyuluşu nəticəsində əldə olunacaq elektrik enerjisinin dəyərinin müəyyənləşdirilməsi, investisiya xərclərinin investora geri qaytarılması prosesini tənzimləyir".
P.Şahbazov qeyd edib ki, elektroenergetika sektorunun dayanıqlı fəaliyyəti üçün bərpa olunan enerji mənbələrinin, xüsusilə külək və fotovoltaik enerji qurğularının mövcud enerji sistem və şəbəkələrinə inteqrasiyası vacibdir.
"Ona görə də külək, günəş və digər mənbələrdən alınmış enerjinin problemsiz şəkildə şəbəkəyə ötürülməsi və qoşulmanın maneəsiz təmin edilməsi məqsədilə məsləhətçi şirkət seçilməklə bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi üzrə fəaliyyət planının və investisiya proqramının hazırlanması istiqamətində tədbirlər görülür. "Bərpa olunan enerji mənbələrinin payının artırılması məqsədilə şəbəkənin gücləndirilməsi” layihəsi çərçivəsində ötürücü, paylayıcı, SCADA və enerji idarəetmə və ölçü sistemləri təkmilləşdiriləcəkdir".
Azvision.az
Teqlər: Nazir Energetika