İki qurum təhlükəli qidalara qarşı mübarizəyə başlayır

  19 Oktyabr 2018    Oxunub : 330
İki qurum təhlükəli qidalara qarşı mübarizəyə başlayır
Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi ilə Səhiyyə Nazirliyinin tabeliyində olan "Analitik Ekspertiza Mərkəzi "MMC arasında bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, memorandumu Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və "Analitik Ekspertiza Mərkəzi"MMC-nin direktoru Murad Süleymanov imzalayıb.

Tədbirdə agentliyin sədr müavini B.Quliyev deyib ki, anlaşma memorandumu imzalanmasında əsas məqsəd qanunvericilikdə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə vəzifələrinin və hüquqlarının həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin edilməsində birgə səylərin artırılmasıdır.

B.Quliyev qeyd edib ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, Azərbaycanda dövriyyədə olan və ya idxal olunan 15 adda məhsul insan sağlamlığına son dərəcə təhlükəlidir:" 50 adda məhsul isə özünün xüsusiyyətləri və tərkibində olan ana maddə və yarımçıq vasitələrin dozalarına görə bioloji fəallığa malik qida əlavəsi deyil, dərman vasitəsilərinə aiddir. İnsan sağlamlığı üçün təhlükəli məhsulların idxalı dayandırılıb".

Sədr müavini qeyd edib ki, memoranduma əsasən, hazırda işçi qrup yaradılır:"Tədbirlər planı hazırlanır və yoxlamaların hansı səviyyədə keçirilməsi barədə bundan sonra qərar veriləcək".

"Analitik Ekspertiza Mərkəzi"MMC-nin direktoru Murad Süleymanov isə bilidirib ki, satışı qadağan edilmiş bioloji fəallığa malik qida əlavələrinin dövriyyədən çıxarılması üzrə birgə yoxlamaların aparılması, eyni zamanda mütəmadi monitorinqlərin aparılması qarşılıqlı əməkdaşlıq planlarına daxildir.

Qeyd edək ki, Anlaşma memorandurumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, bioloji fəallığa malik qida əlavələrinin insan sağlamlığına potensial təhlükəsinin müəyyənləşdirilməsi, bu sahədə normativ hüquqi aktların, normativ-texniki sənədlərin, norma və qaydaların beynəlxalq standartlarına uyğun olaraq hazırlanması, təhlillərin aparılması , mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması sahəsində tərəflərin mütəxəssislərinin iştirakı ilə birgə işçi qruplarının yaradılması əsas istiqamətlərdən biridir.

Aytən Zəhra
Azvision.az

Teqlər: AQTA