Ərdoğan: “Azərbaycan torpaqlarının işğal altında qalması qəbul edilə bilməz”

Ərdoğan: “Azərbaycan torpaqlarının işğal altında qalması qəbul edilə bilməz”
  20 Oktyabr 2018    Oxunub:2840
"Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik"
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, biz iki dövlət, bir millət olaraq öz ölkələrimizlə yanaşı, bölgədəki bütün xalqların təhlükəsizliyi, sabitliyi, rifahı və zənginliyi üçün çalışırıq.

"Ürəkdən istərdik ki, bölgədəki hər bir ölkə bu səmimiyyəti görə bilsin. Aralıq dənizinin şərq hissəsindəki karbohidrogen ehtiyatları ilə bağlı birtərəfli qaydada baş verən uğursuzluğa məhkum müxtəlif təşəbbüslərdən təəssüf edirik. Bu vəziyyət bölgəmizdə hələ də qeyri-sabitlikdən və gərginlikdən istifadə etmək siyasətindən əl çəkmək istəməyənlərin olduğunu göstərir. Türkiyə olaraq belə cəhdlərə qarşı cavabımızı həm bu yerdən, həm də diplomatik sahədə ən sərt şəkildə verməyi davam etdirəcəyik. Ölkəmizi və qardaşlarımızı nəzərə almayan heç bir təşəbbüsün uğur qazanmaq şansı olmadığını bütün tərəflər görəcəklər. Dostluğa, həmrəyliyə, birlikdə qazanmağa istiqamətlənmiş hər bir təklifə açıq olduğumuzu buradan bir daha bildirmək istəyirəm. Hazırda açılışını etdiyimiz müəssisə məhz bu faydalı əməkdaşlığın ən gözəl nümunəsidir. Hamını belə əməkdaşlığa dəvət edirik”.

Ərdoğanın sözlərinə görə, Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb: “Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz. Bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik”.

Türkiyə prezidenti, həmçinin əlavə edib ki, sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz: “Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq”.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti