Bolton Qarabağla bağlı Bakıya yeni ideyalar verəcək – Rusiyalı ekspert

  22 Oktyabr 2018    Oxunub : 2370
Bolton Qarabağla bağlı Bakıya yeni ideyalar verəcək – Rusiyalı ekspert
ABŞ-ın Şərqi Anadoludakı geostrateji maraqları Cənubi Qafqazda vəziyyəti dəyişə bilər.

Azvision.az xəbər verir ki, bunu Rusiya Dövlət Humanitar Universitetinin Regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, politoloq Sergey Markedonov hazırda Rusiyada olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun daha sonra Cənubi Qafqaz ölkələrinə nəzərdə tutulan səfərini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, ABŞ çoxdandır ki, Gürcüstan və NATO arasındakı əməkdaşlıqdan istifadə edərək Qara dənizdə öz hərbi gəmilərini yerləşdirmək istəyir. Çünki Vaşinqton Türkiyənin bir sıra limanlarının onların ixtiyarına verilməsilə Şərqi Anadoluda ABŞ hərbi bazalarının yaradılmasını arzulayır.



Markedonovun fikrincə, hadisələrin bu cür inkişafı Cənubi Qafqazdakı vəziyyəti prinsipial şəkildə dəyişə bilər. Çünki bir çox amerikalı ekspertlər hesab edir ki, Vaşinqtonun bu regiona marağının itməsi nəticəsində avtomatik olaraq ABŞ Cənubi Qafqazda öz təsirini itirməyə başlayıb. Lakin Vaşinqtonun yeni geostrateji maraqları regionda, o cümlədən Dağlıq Qarabağ münaqişəsində yeni yanaşmalar ortaya çıxara bilər.

“Özünün qlobal enerji layihələrini həyata keçirən Bakı Avropanın enerji təhlükəsizliyinin qarantı kimi həmişə Vaşinqtonla əməkdaşlıq edib. Çox güman ki, Bolton Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana hansısa yeni ideyalar təklif edəcək. Çünki ABŞ çox gözəl dərk edir ki, İrəvanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dərhal və tez bir zamanda ayırmaq mümkün olmayacaq”.

Markedonovun sözlərinə görə, regiona səfəri zamanı İran məsələsi də Boltonun diqqət mərkəzində olacaq: “Bolton Cənubi Qafqaza o məqsədlə gedir ki, region ölkələrinin gələcək siyasi kursu barədə daha dəqiq fikir formalaşdırsın, eyni zamanda, İran məsələsinə dair onların daha detallı mövqelərini eşitsin”.

Qeyd edək ki, Con Bolton Rusiyadan sonra Azərbaycana, daha sonra isə Ermənistan və Gürcüstana səfər edəcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Rusiya   ABŞ   Türkiyə   Gürcüstan