Həkimlər körpənin ürəyini dayandıraraq əməliyyat etdi

Həkimlər körpənin ürəyini dayandıraraq əməliyyat etdi
  22 Oktyabr 2018    Oxunub:2778
Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə əməliyyat olunub.
ATU-nun Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb.

Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsənov bildirib ki, bu qüsur hələ uşaq ana bətnindəykən ürək çəpərinin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması səbəbindən yaranır: “Uşaq doğulduqdan sonra pediatrik kardioloqumuz doktor Elşən Rzayevin nəzarəti altında olub. Uşaq medikamentoz müalicə ilə 10 aya qədər təqibimizdə saxlandıqdan sonra artıq ürək boşluqlarında genişlənmənin başlanması, təngənəfəslik və çəki ala bilməməsi səbəbindən əməliyyat qərarı verdik”.

İki saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və aortaya yerləşdirdiyimiz pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qanı süni ürək-ağciyər aparatına verilib və oksigenlənmiş qan geri qaytarılıb. Uşağın bədən temperaturu 32 dərəcəyədək soyudulub, ürəyi dayandırılıb. Ürəyin sağ qulaqcığında kiçik bir kəsik edərək hər üç defekti buradan bioloji material vasitəsilə bərpa etdikdən sonra ürəyi yenidən çalışdırılıb. Uşağ süni ürək-ağciyər aparatından ayrılaraq əməliyyat başa çatdırılıb.

Azvision.az


Teqlər: ATU   Əməliyyat  





Xəbər lenti