Tramp fövqəladə vəziyyət elan etdi – “Miqrant karvanı” ABŞ-a yaxınlaşır

  22 Oktyabr 2018    Oxunub : 2187
Tramp fövqəladə vəziyyət elan etdi – “Miqrant karvanı” ABŞ-a yaxınlaşır
ABŞ prezidenti Donald Tramp yürüş edən minlərlə Mərkəzi Amerika miqrantının ölkə sərhədlərinə yaxınlaşmasının qarşısını almaq üçün heç bir səy göstərməyən Meksika hakimiyyətini tənqid atəşinə tutub.
Vəziyyətlə əlaqədar Tramp ABŞ-Meksika sərhəddində fövqəladə vəziyyətin yaranmasına dair xəbərdarlıq edib.

Azvision.az xəbər verir ki, bu barədə Tramp "Tvitter" səhifəsində yazıb.

“Təəssüf ki, baş verənlər Meksika polisi və slahlı qüvvələrinin ABŞ-ın cənub sərhədlərinə doğru irəliləyən miqrant karvanını durdurmaq iqtidarında olmadığına dəlalət edir. Cinayətkarlar və Yaxın Şərqdən gələn naməlum insanların hamısı bir-birinə qarışıb. Mən ABŞ siilahlı qüvvələrini, gömrük və sərhəd nəzarət xidmətinə xəbərdarlıq etdim ki, söhbət milli fövqəladə vəziyyətdən gedir. Qanunları dəyişmək lazımdır!” – Tramp bəyan edib.



Qeyd edək ki, ötən həftədən bəri “Miqrant karvanı” adlı yürüşə başlayaraq Hondurasın San Pedro-Sula şəhərindən yola çıxan minlərlə miqrant Qvatemala və daha sonra isə Meksika ilə sərhəddi keçərək ABŞ sərhədlərinə doğru yaxınlaşırlar. Onlar zorakılıq və yoxsulluq səbəbindən Salvador, Qvatemala və Hondurası tərk etmək məcburiyyətində qalıblar.



Meksika hökuməti əlavə 500 nəfər polis qüvvəsi göndərərək miqrantları Qvatemala ilə sərhəddə saxlamağa çalışsa da, onlar çayı keçərək ölkə ərazisinə daxil ola biliblər. Yerli sakinlərdən ianə və ərzaq alaraq yollarına davam edirlər.

“SkyNews” bildirib ki, hazırda 5 minə yaxın miqrantdan ibarət karvan Meksikanın ABŞ ilə sərhədinə çatması üçün 1500 kilometrlik məsafəni qət etməlidir. Onların əksəriyyəti isə əhalisinin adambaşına düşən cinayətlərinin sayına görə (hər 100 min sakinə 90 qətl) dünyada lider ölkələrdən olan Hondurasdandır.

Artıq ABŞ prezidenti Donald Tramp Qvatemala, Salvador və Honduras hökumətlərini hədələyərək bildirib ki, əgər vətəndaşlarının qanunsuz miqrasiyasının məhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görməsələr, ABŞ-ın bu ölkələrə ayırdığı maliyyə yardımları dayandırılacaq. Tramp, həmçinin Mərkəzi Amerika ölkələrindən gələn “Miqrant karvanı”nı ABŞ-ın Demokratlar Partiyası üçün biabırçılıq adlandırıb.







Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Meksika   Honduras   ABŞ   miqrant