Boltonun qovluğunda əsas mövzu nədir? - ŞƏRH

  23 Oktyabr 2018    Oxunub : 676
Boltonun qovluğunda əsas mövzu nədir? - ŞƏRH
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, 1987-ci ilin dekabr ayında ABŞ və Sovet İttifaqı liderləri tərəfindən Vaşinqtonda imzalanmış orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxmaq niyyətindədir. Tramp qərarını bununla əsaslandırıb ki, Rusiya həmin müqavilənin müddəalarını pozduğundan ABŞ da belə hərəkət edəcək.
Rusiyanı uzun illər boyu bu müqaviləni pozmaqda ittiham edən Trampın fikrincə, ABŞ “nüvə sazişinin pozulmasına və silah istehsal etməsinə” imkan vermək fikrində deyil.

Daha bir maraqlı məqamsa, Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Milli Təhlükəsizlik Şurasında silahlara nəzarət üzrə baş müşavir Tim Morrisonun da silahlara nəzarət üzrə daha bir iri komponentin – Rusiya ilə 2010-cu ildə imzalanmış yeni sazişin genişlənməsinin əleyhinədirlər. Həmin sazişə görə, hər iki ölkənin strateji döyüş başlıqlarının sayı 1550-dən çox olmamalıdır. 2010-cu ildə ABŞ Prezidenti Barak Obama və Rusiyanın ovaxtkı Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış həmin sazişin müddəti 2021-ci ildə başa çatır.

Trampın bu bəyanatı fonunda milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton Rusiya səfər edib. Ardınca Gürcüstan, Ermənistan və Azərbaycana gələcək.



Trampın bəyanatını AzVision.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ-ın Orta və Uzaq Mənzilli raketlərin məhv edilməsi barədə müqavilədən çıxmaq istəyi anlaşılandır:

“Anlaşma keçmiş SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalanıb. O zaman “soyuq müharibə” hələ bitməmişdi, iki fövqəlgüc xeyli raketlərə malik idi və hərbi toqquşma ehtimalını azaltmaq üçün həmin sazişi imzalamağa ehtiyac var idi. 30 il keçib, SSRİ yoxdur, bu arada, Çin, İran, Pakistan və Hindistan kimi ölkələr də orta və uzaq mənzilli raketlərə malik olublar. Onlar vaxtilə nə SSRİ, nə də ABŞ-la oxşar saziş imzalayıblar. Ona görə də istədikləri qədər raket istehsal edə bilərlər. Bu isə ABŞ-ı narahat edir. ABŞ anlaşmaya riayət edərək rəqib hesab etdiyi ölkələrin Avrasiya bölgəsində hegemonluğuna göz yummaq istəmir və ona görə anlaşmadan çıxır. Bundan başqa Vaşinqton hesab edir ki, SSRİ-nin varisi olan Rusiya yeni növ raketlər istehsal etməklə anlaşmanın şərtlərini illərdir pozur. Buna görə də 30 il əvvəl imzalanan sazişini əhəmiyyəti qalmayıb”.



"Bəs bundan sonra nə baş verə bilər" sualına politoloqun cavabı belə olub: “Birincisi, ABŞ sazişdən çıxdıqdan sonra Avropa Rusiya ilə üz-üzə qalacaq. Çünki ABŞ anlaşmadan çıxırsa, Rusiya da anlaşmadan çıxacaq və orta - uzaq mənzilli raketlərin istehsalını gücləndirəcək. Bu isə ilk növbədə Avropa üçün təhlükə mənbəyinə çevriləcək. Belə olan halda bəzi Avropa ölkələri ABŞ-dan onları Rusiya təhlükəsindən qorumalarını istəyəcəklər. ABŞ öz raketlərini Avropa qitəsində yerləşdirməyə başlayacaq. 1980-ci illərin əvvəllərində də ABŞ “Perşinq” raketlərini köhnə qitədə yerləşdirmişdi. Tarixin təkrarlanması ehtimalı böyükdür.

İkincisi, ABŞ Avropa ölkələri ilə yanaşı raketlərini qonşu Gürcüstanda da yerləşdirə bilər. Əlbəttə, bu Rusiyanı ciddi narahat edəcək. Ancaq Rusiya orta və uzaq mənzilli raketlərin yenidən istehsalına başladıqdan sonra qonşuluqda Moskva ilə problemləri olan ölkələr – Litva, Latviya, Estoniya, Ukrayna və Gürcüstan ABŞ-dan dəstək istəyəcəklər”.

E.Şahinoğlu hesab edir ki, ABŞ-ın Gürcüstandakı hərbi bazalarını rəsmiləşdirməsi Azərbaycanın maraqlarına uyğundur: “Rusiyanın Ermənistandakı hərbi bazaları Azərbaycan üçün təhdiddir. ABŞ-ın Gürcüstandakı hərbi bazaları isə bölgədə qüvvələr nisbətində balans yaradacaq. Digər tərəfdən ABŞ-ın Gürcüstanda hərbi varlığı Azərbaycanın enerji layihələrinin təhlükəsizliyini də təmin edəcək. Onsuz da Vaşinqton Azərbaycanın bütün regional layihələrini dəstəkləyir. Elə bütün bu mövzuları müzakirə etmək üçün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bölgədədir”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: ABŞ   Tramp   Rusiya   Bolton   Bakı