Azərbaycanda 30 mindən çox narkoman var

  23 Oktyabr 2018    Oxunub : 441
Azərbaycanda 30 mindən çox narkoman var
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2017-ci il dekabrın 31-dək olan məlumatına əsasən, Mərkəzdə 30 min 131 nəfər qeydiyyatda olub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan Azvision.az-a verilən xəbərə görə, onlardan 25 min 139-u dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Həmçinin 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21 min 38-i (470 qadın) inyeksion narkotik istifadəçisidir. Ötən il 2115 nəfər yeni qeydiyyata götürülüb, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.

Cari ilin üçüncü rübündə Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 22 min 986 nəfər keçib. Onlardan 2751-i narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 1396 istifadəçi aşkarlanaraq qeydiyyata götürülüb.

Həmçinin hesabat dövründə 2971 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 748 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 2216-sı “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda, digər müalicə proqramı üzrə fəaliyyət göstərən dörd məntəqədə proqram çərçivəsində 289 xəstə müalicə alır. Onlardan 130-u Respublika Narkoloji Mərkəzində, 70 nəfər QİÇS-lə Mübarizə Mərkəzində, 12 nəfəri Sumqayıt Şəhər Rayonlararası Narkoloji, 77 nəfəri isə Bakı Şəhər Narkoloji dispanserlərindədir.

Azvision.az

Teqlər: Narkoman   Azərbaycan