Veteran polislər 3247 cinayətin açılmasında iştirak edib

Veteran polislər 3247 cinayətin açılmasında iştirak edib
  24 Oktyabr 2018    Oxunub:1232
Polis veteranları cinayətkarlıqla mübarizəyə öz layiqli töhfələrini verirlər.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, onlar yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nigah və intihar hallarının qarşısının alınması məqsədilə yerli polis şöbələrinin rəhbərliyi və aidiyyatı xidmətlərin əməkdaşları ilə birgə ayrı-ayrı təhsil müəssisələrində, vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işlərini davam etdirirlər.

Cari ilin 9 ayı ərzində veteranların köməyi ilə respublika üzrə 3247 cinayətin açılması təmin edilib. Ötən müddət ərzində polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirlərdə də fəal iştirak ediblər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi də daim diqqətdə saxlanılıb.

Göstərilən dövr ərzində veteranlar 2610 dəfə respublikanın müxtəlif təhsil müssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxışlar edib, tövsiyələrini veriblər. Səmərəli və məqsədyönlü fəaliyyətlərinə görə polis veteranlarından bir qrupu DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən mükafatlandırılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti