“Fransa XİN-dən cavab gözləməliyik” - Sabiq diplomat

“Fransa XİN-dən cavab gözləməliyik” - Sabiq diplomat
  24 Oktyabr 2018    Oxunub:1467
“Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri birmənalı şəkildə ərazi bütövlüyümüzə xələl gətirən addımdır”.
Bunu AzVision.az-a sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Qarabağa səfər edən merlər bütün proseslər barədə yaxşı məlumatlıdırlar: “Onlar bütün incəlikləri bilirlər. Münaqişədən də xəbərdardırlar. Ərazilərin kimin işğalı altında olduğu da onlara məlumdur. Bu addım beynəlxalq hüquq normalarına, ərazi bütövlüyümüzə, eyni zamanda diplomatik müqavilələrə ziddir. Fransa tərəfindən deyilir ki, bələdiyyə hakimiyyətləri müstəqildir, özləri harasa gedib, nəsə imzalaya bilərlər. Bu, yalandır. Fransa hökuməti vaxtilə belə bir qərar qəbul edib ki, bələdiyyələr müstəqildir. Amma işğal olunmuş ərazilərdə Fransanın mövqeyini ifadə etməyə səlahiyyəti yoxdur. Yəni səlahiyyətləri kifayət qədər məhduddur”.

Politoloq hesab edir ki, məsələ ilə bağlı Azərbaycanın atdığı addımlar doğrudur: “Biz Fransaya vacib nota verdik. Fransa Xarici İşlər Nazirliyindən cavab gözləməliyik. Hətta öz mövqeyimizi daha sərt şəkildə ifadə etməliyik. Hesab edirəm ki, belə təxribatçı addımlara son qoyulmalıdır. Çünki belə hallar iki dövlət arasındakı münasibətlərin pozulması deməkdir”.

F.Sadıqov, həmçinin vurğulayıb ki, Azərbaycana qarşı təxribat Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyinə də kölgə salır: “Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədridir. Belə hallar həmsədr ölkə kimi Fransanın obyektiv yanaşmasını sual altına qoyur”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Qarabağ   Fransa   Mer  





Xəbər lenti