Ödənişsiz psixoloji yardım alan şəxslər məlum oldu

  24 Oktyabr 2018    Oxunub : 317
Ödənişsiz psixoloji yardım alan şəxslər məlum oldu
Ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu, yeni hazırlanan “Psixoloji yardım haqqında” qanun layihəsində əksini tapıb.

Qanunun 6-cı (Psixoloji yardımın maliyyələşdirilməsi) maddəsinə əsasən, psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) və ya yardım alan şəxsin vəsaiti hesabına (ödənişli) həyata keçirilir.

Aşağıdakı hallarda şəxsin ödənişsiz psixoloji yardım almaq hüququ var:

1. Şəxsin yaşayış yeri və ya olduğu yer üzrə dövlət ambulator-poliklinika müəssisəsində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində,

2. məktəbəqədər və orta təhsil müəssisələrində təhsilalanların,

3. həbs edilən şəxslərin,

4. Penitensiar müəssilərdə cəza çəkən şəxslərin, eləcə də cəza çəkməkdən azad edilən və psixoloji yardıma ehtiyacı olan şəxslərin,

5. dövlət yardım mərkəzilərində məişət zorakılığından zərər çəkən şəxslərin,

6. Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçuların,

7.hərbi əməliyyatlar zamanı zərər çəkən şəxslərin,

8. sosial xidmətə cəlb edilən şəxslərin,

9. fövqəladə hallar zamanı zərər çəkən şəxslərin, onların ailə üzvlərinin, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin,

10. peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin – işə götürənin vəsaiti hesabına,

11. tibbi-sosial reablitasiya zamanı əlilliyi olan şəxslərin və onların ailə üzvlərinin.

Qanunla pulsuz psixoloji yardımın göstərilməsinin digər halları da nəzərdə tutula bilər.

Psixoloji yardımın həcmi və müddəti psixoloji yardım alan şəxsin ehtiyaclarına mütənasib olmalıdır.

Qeyd edək ki, qanun layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MM   Layihə