"İslamda radikalizm və ekstremizm yoxdur" - Gündüz İsmayılov

"İslamda radikalizm və ekstremizm yoxdur" -  Gündüz İsmayılov
  24 Oktyabr 2018    Oxunub:1640
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə öz işini davam etdirib.
Komitədən Azvision.az-a verilən xəbərə görə, Göyçay şəhər 1 saylı orta məktəbdə keçirilən tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Zivər Zeynalova rayondakı dini durum barədə məlumat verib. Vurğulayıb ki, Göyçay rayonunda 33 məscid var və bu məscidlərdə vəhdət halında dini ayinlər icra edilir. Onun sözlərinə görə, 24 məsciddə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Prezident İlham Əliyevin Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir.

Sədr müavini eyni zamanda, onu da vurğulayıb ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. G.İsmayılov deyib ki, İslam meydana çıxdığı gündən elmə böyük dəyər verib, elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib.

Sədr müavini dinimizdə radikalizm və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu “Qurani Kərim”dən ayələr kontekstində dinləyicilərin diqqətinə çatdırıb. Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini maarifləndirmə tədbirlərindən danışaraq ekstremizm və radikalizmlə mübarizədə həmrəyliyin vacibliyini diqqətə çatdırıb. Natiq bildirib ki, Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə”, “Şəhadət” sənədli filmləri də radikalizmə qarşı mübarizədə önəmli rola malikdir. Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

Azvision.az


Teqlər: DQİDK   İslam  





Xəbər lenti