Kəlbəcərin sovet vaxtındakı “oğru dünyası” – RETROKRİMİNAL

Kəlbəcərin sovet vaxtındakı “oğru dünyası” –  RETROKRİMİNAL
  26 Oktyabr 2018    Oxunub:16829
Bəhram Çələbi
Azvision.az üçün

Sovet dövründə hər bölgənin özünə görə krimanal durumu, avtoritetləri vardı. Qarabağ bölgəsində isə vəziyyəti başqalarından fərqlənirdi. Oranın kriminal aləmində ermənilərlə azərbaycanlılar arasında gərginlik lap əvvəldən mövcud idi. Bu yazıda oxuyacağınız həmin vaxt Kəlbəcərdə yaşamış, hadisələrin içində olmuş bir şəxsin xatirələrdir.
...1954-cü il idi. Mədəniyyət evinin qarşısında dayanıb söhbət edirdik. Bir də gördük, Bülbülün “Pobeda”sı gəldi – “AU 77-70”. Bu maşını bütün Qarabağ əhli tanıyırdı. O vaxtlar ancaq raykomun birinci katiblərində “Pobeda” vardı. Ancaq sükan arxasında Bülbül deyil, kubinkalı Xalıq kişi oturmuşdu, yanında da çox zövqlə geyinmiş, bəstəboy bir oğlan əyləşmişdi. Xalıq kişini yaxşı tanıyırdıq, bilirdik ki, rəhmətlik Bülbülün ən yaxın dostlarından biridir.

Maşındakı kişinin əvvəlcə Əliş Ləmbəranski olduğunu düşünürdük. O vaxtlar lap tez-tez gələrdi Kəlbəcərə, yığıncaqlarda danışardı ki, burada sizinçün konserv zavodları, fabriklər tikəcəyik. Kəlbəcərdə pemza (dəvəgözü) deyilən daş yatağı tapmışdılar. Əliş müəllim deyirdi ki, 70 min əhalisi olan bu cənnət guşədə daş karxanası açacaqlar. Dağlarımızda, meşələrimizdə alça, gavalı, alma, armud, zoğal, əzgil yerə tökülüb, məhv olurdu. Əliş müəllim deyirdi ki, meyvə qəbulu məntəqələri açacaq, hər kənddə koserv sexləri tikdirəcəklər.

Ermənilər atla, eşşəklərlə gəlib, cox ucuz qiymətə alça, zoğal, əzgil alardılar bizdən, aparıb araq çəkərdilər. Bizimkilər isə qorxardılar araq çəkməyə... Ermənilər qışda, yaz başı arağı on, iyirmi qat artığına satardılar.

Kəlbəcərin dağ yamaclarında bitən kəklikotu, zirə, maralçiçəyini Bülbül üçün toplayardılar. Maestro Niyazi də maralçiçəyi və qırxbuğum sifariş verərdi. Deyilənə görə, ən yaxşı ürək dərmanı imiş.

Hər dəfə yayda Bakıdan “şişka”lar gəlir, bizə müxtəlif moizələr oxuyurdular. Biri deyirdi, İstisuda kurort, sanatoriya tikəcəyik, başqası basıb-bağlayırdı ki, xalça-xalı fabrikləri açacağıq, qız-gəlinlər də işləsinlər... Yığıncaqlardan sonra raykom işçiləri, kolxoz sədrləri, maarif müdirləri yeyib-içib, dağılışıb gedərdilər. Gedəndə də deyirdilər ki, heç vaxt, heç yerdə bu qədər ləzzətli bozartma, kabab, düşbərə yeməmişdik.

Bəli... Kəlbəcərin yaylaqlarında otlayan qoyun-quzunun sayı üç milyondan çox idi. Otlaqların bir ucu Basarkeçər-Cermux-Vedi, digəri isə Laçın-Kəlbəcər-Murovu əhatə edərdi. Hara baxırdın, qoyun-quzu, inək-camış idi. O vaxt belə idi ki, raykomda işləyənlərin hamısının şəxsi sürüləri vardı. Kolxoz sədrləri, müsahiblərinin, kənd sovetinin, İcraiyyə Komitələri sədrlərinin, narodnı kontrolun, stol arxasında oturanların hamısının, hətta maarif müdirlərinin də (hamısı müftə yeyənlərdi) sürüsü vardı. Biz onların sürülərindən xmır-xmır, yəni 20-20, 30-30 çırpışdırırdıq. Başqa əlacımız yox idi... Ən əsas da, bərdəli Çoban Həsənin sürüsündən... İki mindən artıq şəxsi qoyunu, üç yüzə yaxın iribuynuzlu naxırı vardı Sosialist Əməyi Qəhrəmanının!

Laçını Ermənistanla dağ ayırır. Bir tərəfi Minkənddir, o biri tərəfi Qızılcıq. Kəlbəcərdən Minkəndə dar cığırla səkkiz-on kilometr getməklə çıxmaq olurdu. Oradan da “Dardaneli” keçib, Ermənistan yaylaqlarına gedirdik... Biz ermənilərdən oğurlayırdıq, ermənilər də bizimkilərdən.

1961-ci il idi... Pullar təzəcə dəyişilmişdi. İyunun əvvəlləri olsa da, Çınqıllıda bir duman-çən vardı ki, iki addımlığı görmürdük. İki yüz qoyunla asağı düşürdük. Elə Ağdərədə çayların yanına çatmışdıq ki, “raket” partladı. O vaxtlar milisdə belə bir şey vardı, atırdılar, duman elə bil, əriyirdi. Ağdərə də elə bir yerdir ki, hər tərəf iri-iri qaya parçaları, daşlardır. Birinin arxasında dayan, iki vzvod milisin qarşısını saxla...

Fikir məni bürümüşdü. Axı Göyüş kişi demişdi ki, milislərin haqqı çatıb, öz adamlarımızdır. Ağdərəyə çatdın, elə bil, öz evindəsən. Qoyunları qayaların arxasına verib, onatılanları ayağa çəkdik. Biz dörd nəfərdik, milislər on-on iki... Dan yeri ağaranda duman ilan kimi sürünüb, aradan sivişdi. Qayanın arxasından boylandım, İsmayıl da yanımda uzanmışdı... pıçıldadı mənə ki, nə nişana gəlir bu starşina! Biz onu Şahin çağırırdıq, ermənilər Şagen... Anası erməni idi, elə xasiyyəti də ermənicə idi... İsmayıl dedi ki, vallah onu ayağından vurmasaq, “tülkü cığırı”ndan çəkilən deyil, bizi tutacaq, aparıb bir “sağ ol”a satacaq ermənilərə... yaxşı ki, qoymadım atmağa. Az sonra ətrafı yenə duman bürüdü və səssizcə qoyunları aradan çıxardıq...

Hadisədən bir həftə sonra Kəlbəcərin girişində dayanıb “İngilis” Yusiflə söhbət edirdik, gördük həmin Əhmədov Şagen “QAZ”ikdə gəlir. Bakıdan qonaqlarımız da vardı. Maşını saxladıb, qanlı-qanlı biz tərəfə baxdı və qonaqlarımızdan kimi isə tanıyıb, tələsik “sür” işarəsi verdi.

O vaxtlar hər dəstəbaşının iki-üç erməni aşnası vardı. Axırda həmin qadınlar erməni Baqratın dəstəsini milisə satdılar. Roza adında “yemə-içmə, gül camalına tamaşa et” deyə tərif edə biləcəyim birisi vardı. Çox gözəl qadın idi. Bərdəli Çoban Həsən isə yaman baz idi. Deməli, bir gün Həsən Yevlaxda rast gəlir həmin Rozaya, əyləşdirir maşınına və aparır təzəcə tikilmiş “doqquzmərtəbə” mehmanxanasına. Xəbər çatır Rozanı saxlayan bərdəli şoferə... Bu da gözünə döndüyüm, həmin gecə Həsənini sürüsündən yüzə yaxın qoyun çırpışdırıb, aparır Şəkidəki ət kombinatında həzm-rabedən keçirir...

Dilavərin Qarabağda çox böyük hörməti vardı. Yadımdadır, bir dəfə də Cabiri Dilavər təzə aldığı “Jiquli”yə oturdub, Naftalana gətirmişdi. Sanka Qaçaq Hüseynin qızlarını axtarıb tapmaq, onlara yardım etmək niyyətində idi. Dilavərin sanatoriyada həkim tanışları vardı, onlardan öyrənmək istəyirdi görsün, Hüseynin yetimçələri haradadırlar. Heç kəs qızların harada olduğu barədə dəqiq söz demədi. Yevlaxı, Bərdəni ələk-vələk eləsələr də onlardan xəbər tapa bilməyən dəstə axşam yenidən Şuşaya qayıtdı. Həmişə yaxşı yeyib-içməyi ilə öyünən Cabirin əmlik quzu ətindən çəkilmiş kababa da meyl calmadığını görən yevlaxlı Zinhar qızların Bərdədəki internat məktəbində ola biəcəklərini dedi:
- İnternatı qurtaran uşaqları fermaya sağıcı, çoban, kolxozlara pambıqçı, traktorçu, suçu göndərirər. Çoban Həsənin sürüsünə baxan bir oğlan internatı yenicə qurtaran sevgilisini qaçırdıb. O da həmin internatı ötən il bitirmişdi. Mən onların hərəsinə bir nişan üzüyü bağışlamışam.
- Sabah həmin kəndə gedib onlara toy vurduracam, - Dilavər dilləndi.
- Qızın da cer-cehizi məndən,- deyən Sanka ilk badəsini qaldırıb Dilavərin şərab dolu fujeri ilə toqquşdurdu.

(Ardı var)

Redaksiyadan: Bu gün ağsaqqal yazar, kriminal dünyanın yaxın keçmişinin məşhur tədqiqatçısı Bəhram Çələbinin ad günüdür. AzVision kollektivi onu təbrik edir, möhkəm can sağlığı arzulayır.



Teqlər: Kəlbəcər   Oğru-dünyası  





Xəbər lenti