Şeyx Humanitar Forumun iştirakçıları ilə görüşüb

Şeyx Humanitar Forumun iştirakçıları ilə görüşüb
  26 Oktyabr 2018    Oxunub:1366
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu ilə görüşüb.
Azvision.az xəbər verir ki, şeyxülislam dünyanın siyasi, iqtisadi və dini zəmində narahat gündəm yaşadığı bir dövrdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramı, qarşılıqlı ehtiram məfkurəsi, humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını söyləyib və burada siyasi iradənin böyük önəm daşıdığını vurğulayıb. O əlavə edib ki, əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu din-dövlət münasibətləri hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlərboyu bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər. Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir.

Qonaqların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanı multikultural və tolerant ideyaların mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə, ölkəmizi qlobal miqyasda ümumbəşəri ideyaların carçısına çevirməklə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi nailiyyətə imza atıb. Humanitar forumların mütəmadi şəkildə Bakıda keçirilməsi bu təşəbbüslərin sırasında xüsusi əhəmiyyət kəsb edir.

Allahşükür Paşazadə Azərbaycanın dünyaya multikulturalizm, İslam həmrəyliyi ideyalarını təqdim etməklə qüdrətli ölkəyə çevrildiyini söyləyib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib.

Mədəniyyət naziri Əbülfəs Qarayev Forum iştirakçıları ilə görüşün təşkilinə görə şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirərək qeyd edib ki, bu, Azərbaycan xalqına məxsus qonaqpərvərliyin bir nümunəsidir. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən daşına nazir diqqətə çatdırıb ki, bu, dünya miqyasında reallaşan böyük hadisədir. O vurğulayıb ki, Azərbaycan bütün dünyada sülhsevər və multikultural ölkə kimi tanınır və bu, daim belə olacaq.

Azvision.az


Teqlər: Şeyx   Forum  





Xəbər lenti