XİN rəhbəri ATƏT rəsmisi ilə Qarabağı müzakirə edib

 XİN rəhbəri ATƏT rəsmisi ilə Qarabağı müzakirə edib
  27 Oktyabr 2018    Oxunub:1415
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalka ilə görüşüb.
XİN-dən Azvision.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və ATƏT-lə Azərbaycan arasında münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıldı.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişənin həllində əsas maneə olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq sənədləri əsasında həll edilməli olduğunu qeyd edən E. Məmmədyarov işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdlərinin Ermənistanın da 1993 ildə qoşulduğu 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olduğunu xüsusilə vurğulayıb.

Rudolf Miçalka ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi ilk dəfə regiona səfər etdiyini bildirərək ətraflı məlumata görə təşəkkürünü ifadə edib.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti