Azərbaycanda bu il 437 əlil işlə təmin olunub

 Azərbaycanda bu il 437 əlil işlə təmin olunub
  27 Oktyabr 2018    Oxunub:1504
Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edən əlilliyi olan şəxslərdən 437 nəfəri işlə təmin olunub, 55 nəfəri isə ödənişli ictimai işlərə göndərilib.
Bu barədə Azvision.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

Nazirlik rəsmisi deyib ki, yerli qurumlar tərəfindən 69 nəfər əlilliyi olan şəxsin peşə hazırlığı kurslarına cəlb olunması həyata keçirilib. Belə ki, bu, həmin şəxslərin öz məşğulluqlarını daha rahat formada həyata keçirməsini təmin etmiş olacaq.

"İşsiz və işaxtaran kimi qeydiyyata alınmış və 18 yaşı tamam olmuş əlilliyi olan şəxslərin peşə hazırlığı sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində əlilliyi olan gənclərin mövcud potensialını maksimum inkişaf etdirməklə, sərbəst yaşamaq imkanları inkişaf etdirilir. Burada əlilliyi olan gənclər ilkin meyl və bacarıqlarının olduğu peşələr üzrə ən müasir metodlardan istifadə etməklə müxtəlif sahələr üzrə peşə reabilitasiyası kursları keçirlər. Yeni peşələrə yiyələnən gənclərin məşğulluğunun təmin edilməsi daha asan və səmərəli formada həyata keçiriliməsi mümkün olur. Mərkəzdə 2018-cü ilin 9 ayı ərzində 265 nəfər sağlamlıq imkanları məhdud gəncin peşə reabilitasiyası təmin edilib. Onlardan 55 nəfər öyrəndikləri peşələr üzrə imtahan verərək şəhadətnamə alıb, 74 nəfər ilkin peşə vərdişi səviyyəsində və sosial reabilitasiya keçərək kursu bitirib və 33 nəfər isə paralimpiya idman növləri üzrə məşqlər məqsədilə qəbul edilib. Hal-hazırda 103 nəfər “Kompüter istifadəçisi”, “Tikişçi”, “Toxuculuq”, “Ağac üzərində oyma”, qadın və kişi bərbəri, paralimpiya idman növləri üzrə peşə-reabilitasiya kursları keçirlər".



F.Talıbov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünəməşğulluq proqramına sosial müdafiəyə daha çox ehtiyacı olan həssas əhali qruplarından əlilliyi olan şəxslərin cəlb olunması xüsusi olaraq diqqətdə saxlanılır.

"Ölkə başçısının göstərişinə uyğun olaraq nazirlik tərəfindən həyata keçirilən özünəməşğulluq proqramının əsas məqsədlərindən biri də dövlətin passiv dəstəyi ilə təmin olunan vətəndaşları aktiv məşğulluq tədbirlərinə cəlb etməkdir. 2018-ci ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tərəfindən proqram çərçivəsində təlim kurslarına cəlb edilənlərdən 913 nəfəri əlilliyi olan şəxs kiçik biznesini qurmaq üçün təlim kurslarını uğurla başa vurub. Onlardan təlim kursunu bitirərək və qiymətləndirmələr zamanı biznes planlarını uğurla müdafiə edənlərin hər biri mal və materiallarla təmin olunacaq, kiçik ailə bizneslərinin yaradılması üçün nazirlik tərfindən müvafiq dəstəklə təmin ediləcəklər.

Son həftə ərzində aktivlərin verilməsinə Cəbrayıl və Füzuli rayonlarında proqram iştirakçıları sırasında 50 nəfər əlilliyi olan şəxs, 76 nəfər sağlamlıq imkanları məhdud uşağı olan valideynlər var. Verilmiş mal və materialların hesabına reallaşdırılan biznes planların əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir".

F.Talıbovun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyi olan şəxslərin məşğulluğun həyata keçirilməsi istiqamətində bütün sosial tərəfdaşlarla işlər aparılır. Hazırda həyata keçirilən belə layihələrdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP və onun tərəfdaş şirkətləri ilə həyata keçirilən “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsidir. BP və onun tərəfdaş şirkətləri maliyyələşdirilən layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığı ilə “British Council” tərəfindən icra olunur. Layihədə 81 nəfər əlilliyi olan şəxs iştirak edir. Layihə çərçivəsində əlilliyi olan şəxslərin bacarıqlarını artırmaqla əsas məqsəd məşğulluq imkanlarını genişləndirməkdir. Bu məqsədlə layihə çərçivəsində sosial bacarıqlar, kompüter və ingilis dili üzrə təlimlər həyata keçirilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Fazil-Talıbov  





Xəbər lenti