Con Bolton Paşinyanın planlarını pozdu - ŞƏRH

 Con Bolton Paşinyanın planlarını pozdu -  ŞƏRH
  29 Oktyabr 2018    Oxunub:4372
Ermənistan tərəfi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı səsləndirdiyi bəyanatları, təklifləri birmənalı şəkildə rədd edib. Belə ki, Bolton dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həlledici addım atmasının vacibliyini vurğulayıb.
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan isə bu çağırışa qarşı çıxıb. Paşinyan Boltona onun adından çıxış etməməyi məsləhət görüb: “Hər kəs öz adından çıxış edə bilər. Con Bolton, yaxud da başqa biri Ermənistanın baş nazirinin adından danışa bilməz. Qarabağ "hakimiyyəti"nin, Qarabağ xalqı və Ermənistan xalqının iştirakı olmadan münaqişənin həlli mümkün deyil”.

Bundan əvvəl, Bolton İrəvana səfərində ABŞ silahlarının Rusiyanınkından daha yaxşı olduğunu və Ermənistanın alternativ mənbələrdən silah tədarük etməklə Rusiyadan asılılığı azalda biləcəyini söyləyib. Bu təklif də Ermənistan tərəfindən rədd edilib. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edib ki, hazırda ölkəsinin Amerikanın silahlarına ehtiyacı yoxdur.

Hər iki bəyanata rədd cavabının verilməsi nə ilə bağlıdır?



Politoloq Sahil İskəndərovun fikrincə, Paşinyanın Boltona rədd cavabı verməsi, onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəhanələrini alt-üst edir:

“Con Bolton bəyanatı ilə demək istəyir ki, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Nikol Paşinyana erməni cəmiyyəti kart-blanş verəcək. Bu isə Paşinyanın “müvəqqəti icraçıyam” bəhanəsini ortadan götürəcək. O, Paşinyana çatdırmaq istəyir ki, əgər anti-Rusiya, Qərb yönümlü bəyanatlar kontekstində hakimiyyətə gəlmisinizsə, seçkilər keçiriləndən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nala-mıxa vura bilməyəcəksiniz. O, birmənalı şəkildə Paşinyana deyir ki, artıq tam səlahiyyətli baş nazir olduqdan sonra təzadlı, ikibaşlı bəyanatların verilmə vaxtı keçəcək. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əl-qolunuz açılacaq və siyasi fiqur kimi iştirak etməlisiniz.

Paşinyanın qıcıqlı cavab verməsinə gəlincə, o, separatçı rejimin danışıqlar masası arxasına gətirilməsi fikrində qətiyyətli olduğunu göstərmək istəyir. Amma Vaşinqtona çoxdan bəllidir ki, burada münaqişə tərəfi Dağlıq Qarabağdakı separatçı rejim yox, Ermənistandır. Onun bəyanatı bu məsuliyyəti birbaşa Paşinyanın boynuna qoyur. Paşinyanın nə deməsindən asılı olmayraq rejimin danışıqlar masasına gətirilməsi oyunbazlıqdır. Konkret olaraq Ermənistandan, hazırkı halda baş nazir Nikol Paşinyandan asılıdır. Con Boltonun bəyanatının arxasında duran bu məntiqdir. Bu isə Paşinyanı qıcıqlandırmaya bilməz. Çünki Paşinyanın birmənalı şəkildə bəhanəsini alt-üst edir”.

Con Boltonun Ermənistana Amerika istehsalı silahları təklif etməsinə gəlincə politoloq deyib: “Bununla bağlı Ermənistanın mövqeyini başa düşmək olar. Paşinyan özünü nə qədər Qərbyönümlü göstərməyə çalışsa da, Ermənistanın Rusiyanın quberniyası olduğu çox gözəl başa düşür. Paşinyan onu da gözəl bilir ki, küçə hərəkatının arxasında Qərbin durmasından asılı olmayaraq, Rusiyanın iradəsi onun və ətrafının oyunlarını bir gündə pozmağa, alt-üst etməyə çatar. Sadəcə Rusiya buna getmək istəmir. Çünki Ermənistanın Rusiyanın orbitindən çıxması üçün əsaslı addımlar atılmır. Bu baxımdan Paşinyan pis oyunda yaxşı simasını qorumağa çalışır. Paşinyan bilir ki, Rusiya Ermənistana silah satmır. Rəsmi Moskva bu silahları kredit adı altında Ermənistana hədiyyə edir. Məsələ burasındadır ki, Bolton silahı bizdən alın dedikdə, Rusiya kimi hədiyyə etməyi nəzərdə tutmur. Yəni pulunuzu verin, silahları alın deyir. Ona görə də Paşinyanın cığal bəyanat verməkdən başqa yolu yox idi. Əgər Bolton satış adı altında bu silahları sizə hədiyyə edirik desəydi, o zaman Paşinyan fərqli “mahnını” oxuyacaqdı”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Bolton   Paşinyan  





Xəbər lenti