Gürcüstandakı seçki iki azərbaycanlı deputatı üz-üzə qoydu

  29 Oktyabr 2018    Oxunub : 1550
Gürcüstandakı seçki iki azərbaycanlı deputatı üz-üzə qoydu
Gürcüstanda prezident seçkilərində namizədlərdən heç biri qələbə qazanmaq üçün lazım olan 50 faizdən çox baryeri keçə bilməyib. Bu səbəbdən seçkilərin ikinci turu təşkil olunacaq. Prezidentlik postu uğrunda mübarizə əsasən iki namizəd arasında gedir. Bunlar müstəqil namizəd Salome Zurabişvili və müxalif “Vahid milli hərəkat” partiyasının namizədi Qriqol Vaşadzedir.
Azvision.az ötən gün baş tutan seçki ilə bağlı Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı siyasilərin fikirlərini öyrənib.

Vahid Milli Hərəkat Partiyasının üzvü, deputat Azər Süleymanov seçkilərdə saxtakarlığa yol verildiyini iddia edib.



"Seçkilərdə saxtakarlıqlara yol verilib. Əlimizdə bununla bağlı faktlar mövcuddur"- deyən A.Süleymanov hesab edir ki, prosesdə nöqsanlar olmasaydı, müxalifətin namizədi Qriqol Vaşadze birinci turda Gürcüstanın prezidenti seçilərdi.

A.Süleymanovdan fərqli olaraq, Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının üzvü, deputat Savalan Mirzəyev Azvision.az-a bildirib ki, seçkilər ədalətli və şəffaf keçirilib. Onun sözlərinə görə, seçkidə müəyyən pozuntular olsa da, onlar nəticələrə təsir edən səviyyədə deyil.



"Bunlar texniki, prosedur səhvləridir. Seçkinin nəticələrinə təsir edəcək qanun pozuntuları olmayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) son nəticələri elan olunduqdan sonra ikinci tur keçiriləcək. Bu da hardasa dekabr ayının 1-2-nə təsadüf edəcək. MSK-nın birinci turda olan nəticələrinə əsasən Salome xanım Qriqol Vaşadzedən üstündür. Ümidvaram ki, seçicilərin dəstəyini qazanaraq ikinci turda da qalib olacağıq. Buna əminəm" -, deyə S.Mirzəyev vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili 38,6, müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Daha bir müxalifətçi namizəd David Bakradze isə 11 faiz səs yığaraq mübarizəni dayandırıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Gürcüstan   Seçki