Yeni layihənin icrasına başlanılır

Yeni layihənin icrasına başlanılır
  30 Oktyabr 2018    Oxunub:1338
Oktyabrın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) GmbH-ın Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) ilə birlikdə həyata keçirdiyi “Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” regional layihəsinin təqdimat mərasimi keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, müxtəlif dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbirdə Cənubi Qafqazı əhatə edən və ümumi büdcəsi 6 milyon avro olan proqramın Gürcüstanda və Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin məşğulluğunu, yeni bizneslərin qurulmasını, həmçinin mövcud bizneslərin genişlənməsini və məcburi köçkün qəsəbələrində, xüsusilə, qadınların və gənclərin sosial inteqrasiyasını dəstəkləməsini nəzərdə tutduğu bildirilib.

Pilot mərhələyə Ağdam və Bərdə rayonlarında, Mingəçevir şəhərində məskunlaşmış aztəminatlı məcburi köçkünlərin və onlarla birgə yaşayan yerli əhalinin həyat şəraitlərinin yaxşılaşdırılması, bölgənin iqtisadiyyatına töhfə vermək məqsədilə ümumi inkişafı, onların texniki-peşə və peşəkar bilik və bacarıqlara yiyələnmələri daxildir. Bunun üçün müxtəlif uzun və qısamüddətli praktik təlimlər keçiriləcək, mentorluq yanaşmasından istifadə olunacaq. Layihədə həm də məcburi köçkünlərin inkişafı ilə məşğul olan dövlət qurumlarının texniki bacarıqlarının daha da təkmilləşməsi üçün birgə fəaliyyətlər həyata keçiriləcək.

Təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Almaniyanın Azərbaycandakı səfirinin müavini xanım Andrea Sülh və GİZ-in Azərbaycan üzrə direktoru xanım Sonia Fontaine, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, layihənin rəhbəri xanım Friederike Roçovanski çıxış edib, layihənin məcburi köçkünlər və aztəminatlı ailələr üçün əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, layihənin rəsmi tərəfdaşları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.

Azvision.az


Teqlər: Layihə   Komitə  





Xəbər lenti