Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub
  30 Oktyabr 2018    Oxunub:1194
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 95-ci ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubunu
oxuyub.

Daha sonra Baş konsul çıxış edərək Türkiyə Cümhuriyyətinin yaranmasından və keçdiyi inkişaf yolundan
danışıb. Məhmət Emin Kiraz dünyada etibarlı tərəfdaş kimi tanınan Türkiyənin qardaş Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib, ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolunu diqqətə çatdırıb. Qeyd olunub ki, qarşılıqlı səylər və həyata keçirilən birgə tədbirlər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafına töhfə verir.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 95-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib.

Ali Məclisin sədri bildirib ki, dövlət müstəqilliyi hər bir xalqın ən böyük sərvətidir.

"Müstəqilliyi əldə etməklə yanaşı, onu qoruyub saxlamaq da əsas şərtdir. Ötən 95 ildə Türkiyə Respublikası böyük
öndər Mustafa Kamal Atatürkün yolu ilə gedərək dövlət müstəqilliyini möhkəmləndirib, dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilib. Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir. Ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin inkişafında
Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı əlaqələr hər keçən gün daha da inkişaf edir, qarşılıqlı faydalı əlaqələr qurulur"-, deyə V.Talıbov vurğulayıb.

Azvision.az


Teqlər: Naxçıvan   Türkiyə   Bayram  





Xəbər lenti