Bakıda insan alveri və miqrant qaçaqmalçılığına həsr olunan konfrans keçirilib

Bakıda insan alveri və miqrant qaçaqmalçılığına həsr olunan konfrans keçirilib
  30 Oktyabr 2018    Oxunub:4085
Milli Məclisdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” mövzusunda konfrans keçirilib.
Azvision.az xəbər verir ki, tədbir beynəlxalq transmilli mütəşəkkil cinayətlərin araşdırılması və insan alverinə məruz qalan şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq və regional müzakirələri və tərəfdaşlıqları genişləndirmək, insan alverinə və miqrantların qaçaqmalçılığına qarşı mübarizənin mürəkkəbliyini nəzərə alaraq bütün müvafiq iştirakçıları bir araya gətirməklə daha çox kompleks və inteqrasiya olunmuş çoxsahəli yanaşmaları təşviq etmək məqsədi daşıyır.



Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, son illər Milli Məclis həm insan alverinə qarşı mübarizə, həm də miqrasiya məsələlərinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun olan mükəmməl qanunvericilik bazası yaradıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, konfrans çərçivəsində adıçəkilən mövzuda istər Azərbaycanda, istər regionda, istərsə də bütün dünyada mövcud vəziyyət, bu vəziyyətin qarşımıza çıxardığı çətinliklər, eyni zamanda, bu illər ərzində əməkdaşlığa və tərəfdaşlığa əsaslanan fəaliyyətin müsbət nəticələri barədə fikir mübadiləsi aparılacaq və perspektivlərlə bağlı faydalı istiqamətlər müəyyənləşdiriləcək.


Bahar Muradova deyib ki, Azərbaycan regionda özünəməxsus yeri, rolu olan, həm iqtisadi, həm siyasi cəhətdən humanitar əlaqələrin intensivləşməsi baxımından özünün yeritdiyi siyasətə və onun nəticəsində verdiyi töhfələrə görə seçilən bir ölkədir.

Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov çıxışında bildirib ki, qanunsuz miqrant qaçaqmalçılığı anlayışı bu gün dünyada bir reallıqdır: "Biz mediada, beynəlxalq tədbirlərdə bununla bağlı müzakirələrin getdiyini izləyirik. Xüsusən, Şimali Afrikadan Avropaya, Asiyadan Avropaya və digər istiqamətlərə olan axınların olmasını görürük. Biz bu sahədə olan prosesləri, tendensiyaları ölkəmizdə də müşahidə edirik və bunun qarşısının alınmasına səylər göstəririk”.



Xidmət rəisi qeyd edib ki, Azərbaycan bu sahə ilə bağlı bütün beynəlxalq sənədlərə, konvensiyalara qoşulub: “Bu istiqamətdə qanunverciliyin uyğunlaşdırılması demək olar ki, tam yekunlaşıb. Bu gün bizim həm cinayət, həm də miqrasiya qanunvericiliyimiz təkmilləşdirilib. Eyni zamanda ölkə başçısının verdiyi fərman və sərəncamlar da imkan verir ki, insan alverinə qarşı mübarizədə sağlam mühit olsun. Bu gün ölkəmizdə iki əsas qurum bu prosesdə iştirak edir: Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti. Bundan əlavə digər qurumların da bu işdə birgə iştirakı vacibdir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vüsal-Hüseynov   Miqrasiya   DMX  





Xəbər lenti