Kənd Təsərrüfatı Nazirliyi “AMAL”-ı təqdim etdi - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyi “AMAL”-ı təqdim etdi -  FOTOLAR
  30 Oktyabr 2018    Oxunub:4657
Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsi olan "AMAL"ı təqdim edib.
Azvision.az xəbər verir ki, “AMAL” Kənd Təsərrüfatı Nazirliyinin kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür.



Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və FAO-nun həyata keçirdiyi “AMAL” layihəsi regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyır.

Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.



Layihənin məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımların və məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir.



Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova AMAL-ın təqdimatı zamanı bildirib ki, layihə ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək.

"Cəmiyyətin bütün sahələrində olduğu kimi, aqrar sektorda da onların iştirak səviyyəsini artıracaq, yeni nəsil fermerlərin formalaşmasına yol açacaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına şərait yaradacaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıracaq, aqrar sektorda müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təşviqləndirəcək”.



Aqrar Məşğulluğun Artırılması Layihəsi ilkin mərhələdə seçilmiş pilot rayonları əhatə edəcək. Layihəni Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirəcək.









Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: AMAL  





Xəbər lenti