“AMAL”-ın fəaliyyət planı açıqlandı

 “AMAL”-ın fəaliyyət planı açıqlandı
  30 Oktyabr 2018    Oxunub:1785
Növbəti həftədən etibarən Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan "AMAL"-ın təbliğatına başlanılacaq.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.

O bildirib ki, aidiyyəti nazirliklərlə birgə 10 pilot rayon seçilərək, hər rayondan 20-yə yaxın gənc prosesə cəlb olunacaq. "İlkin mərhələdə 200 nəfərdən ibarət pilot qrup formalaşdırmaq niyyətindəyik. Gənclərə biznes ideyasının formalaşdırılmasına dair təlimlər təşkil ediləcək. Gənclərin maliyyə modeli planı hazır olduqdan və ekspert rəyi verildikdən sonra müəyyən sahələrdə - İT, maliyyə və ya informasiya dəstəyi və başqa köməkliklər göstəriləcək. Onların istehsal etdikləri məhsulların bazara çıxışına dəstək veriləcək".

Xidmət rəisi qeyd edib ki, 2020-ci ilin sonuna qədər layihəyə təqribən 2 milyon manatadək vəsaitin ayrılması nəzərdə tutulur.

"Layihə uğurlu olacağı təqdirdə dövlət büdcəsindən əlavə vəsait cəlb edə bilərik. Gənclərin layihələrinin maliyyələşdirilməsinə 5 %-dən çox olmamaq şərtilə 30-40 min manatadək kredit verilə bilər. Tərəfdaş banklardan birini işə cəlb etməyə çalışacağıq. Ödənişlər gənclərə birdəfəlik verilməyəcək. Vəsait oların hesabına mütəmadi qoyulacaq. Monitorinqlər zamanı layihə təyinatı üzrə aparılmasa, gənclər layihədən çıxarılacaq", - deyə nazirlik rəsmisi vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: AMAL  





Xəbər lenti