Prezident Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb
Azvision.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, cənab Prezident həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə repressiya qurbanı olmuş ziyalılarımızın xatirəsinə böyük diqqətlə yanaşıb. Bunun bariz nümunəsi kimi, dövlətimizin başçısının 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində keçmiş "Statistika dairəsi" adlanan yerdə Mikayıl Müşfiqin heykəlinin demontajına münasibətini göstərmək olar. O vaxt cənab Prezident məsələnin araşdırılması, günahkarların cəzalandırılması, heykəlin dərhal öz yerində bərpa olunması ilə bağlı tapşırıq verib, həmin göstərişin qısa zamanda icra olunmasından sonra da heykəli ziyarət etmiş və önünə gül dəstəsi qoyub.
Ə.Həsənov bildirib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar hazırda dövlətimizin başçısının nəzarətindədir. Əminliklə demək olar ki, məsələnin ciddi araşdırılması ilə bağlı qısa zamanda müvafiq tədbirlər görüləcək və nəticə barədə ictimaiyyətə məlumat veriləcək.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev