Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclası keçirilib

 Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclası keçirilib
  01 Noyabr 2018    Oxunub:886
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryeva ilə görüşüb, həmçinin Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, tərəflər Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq səviyyəsində olan ikitərəfli əməkdaşlıq münasibətlərinin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipinə, eləcə də qarşılıqlı etimad və anlaşmaya əsaslandığını xüsusilə vurğulayıblar.

Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlığın cari vəziyyətini yüksək qiymətləndiriblər, eyni zamanda, energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm, İKT və ətraf mühit kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq və geniş imkanların mövcud olduğunu ifadə ediblər.

Elmar Məmmədyarov Bolqarıstandan olan həmkarını bu il dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət edib.

İkitərəfli görüşdən sonra hər iki ölkənin nümayəndə heyətləri arasında Azərbaycan və Bolqarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.

İclasda ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri, o cümlədən ikitərəfli iqtisadi-ticarət münasibətləri, energetika, nəqliyyat, tranzit layihələrinin həyata keçirilməsi, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri və bu xüsusda münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqların cari vəziyyəti, Azərbaycan və Bolqarıstanın beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti