İnam Kərimov 3 əsas prinsipi açıqladı

  01 Noyabr 2018    Oxunub : 2109
İnam Kərimov 3 əsas prinsipi açıqladı
Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində 3 əsas prinsipi - kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqini rəhbər tutur.
Azvision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov aqrar sahə işçilərinin peşə bayramı münasibətilə məqaləsində qeyd edib.

İ.Kərimov bldirib ki, nazirlik təməl prinsiplərinə söykənərək funksional fəaliyyətini müasir tələblərə uyğun təşkil etmək üçün beş strateji istiqaməti əsas götürüb:

1. Aqrar təhlil. Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb.

2. Aqrar həllər. Kənd təsərrüfatı sahəsində hazırda ən başlıca vəzifə məhsuldarlığın artırılması hesabına rəqabətqabiliyyətliliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə çatdırılması, bu qurumların məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi istiqamətində institusional islahatlar aparılaraq Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb.

Hazırda aqrar elmin modernləşdirilməsi üzrə islahatlar davam etdirilir. Bu islahatlar çərçivəsində bütün elmi-tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib, müasir və məhsuldar meyvə bağları salınıb. Elmi-tədqiqat institutlarında yaradılan potensial hesabına istehsalçılar yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək.

Fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi məqsədilə Xaçmaz, Şəki, Ağcabədi, QobustanTovuz rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri qurulur.

3. Aqrar bilik və bacarıqlar. “Biliklər əsri” adlandırılan müasir dövrdə aqrar sahənin dayanıqlı inkişafı, ilk növbədə, elm və təhsilin müasir tələblərə uyğun təşkili ilə bağlıdır. Bu məqsədlə ölkənin aqrar kadr hazırlığının mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təlim planları və proqramları dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilir. Bu ildən qəbul imtahanlarında 400 və 500-dən yuxarı bal toplayaraq ADAU-nun aqraryönümlü ixtisaslarına qəbul olunan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüdün verilməsinə başlanılıb.

Kənd təsərrüfatı sahəsi üzrə modernləşdirilmiş elmi tədqiqatlar, təhsil, təlim və informasiya məsləhət xidmətləri sisteminin formalaşdırılması istiqamətində fəaliyyətlərin sistemli şəkildə həyata keçirilməsi məqsədilə “Aqrar Elm və Təhsilin İnkişafı üzrə Dövlət Proqramı”hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

4. Aqrar dəstək. Son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif dəstək tədbirləri üzrə 1.2 milyard manata yaxın subsidiya ödənilib.

Aqrar sektorun bütün istiqamətləri üzrə təminatının, xüsusilə kənd təsərrüfatı texnikası ilə təchizatın daha da yaxşılaşdırılması üçün dəstək və xidmət tədbirləri davam etdirilib. “Aqrolizinq” ASC tərəfindən ölkəyə 44 minə yaxın kənd təsərrüfatı texnikası, 843 min ton mineral gübrə və 30 mindən artıq damazlıq heyvan gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə istifadəyə verilib.

Bütün xidmətlərin “elektron hökumət” üzərindən həyata keçirilməsi fermerlərə məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək.

Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib. DAİM-lərin və burada fəaliyyət göstərən Fermer Şuralarının formalaşdırılması prosesi yekunlaşıb.

5. Aqrar ticarət. Kənd təsərrüfatı sahəsində hazırda iqtisadi fəallığın yüksəlməsi, bu sahəyə böyük həvəsin göstərilməsi və məhsul bolluğunun yaranması müşahidə olunur. Fermerlər üçün bazar şərtlərinin yaxşılaşdırılması, məhsulların satılmasına və satışda yaranan problemlərin aradan qaldırılmasına yardımın göstərilməsi məqsədilə nazirlik yanında Dövlət Aqrar Ticarət Şirkəti yaradılıb.

Azvision.az

Teqlər: İnam-Kərimov