BNA sürücüləri əsassız yerə cərimələyir?

BNA sürücüləri əsassız yerə cərimələyir?
  01 Noyabr 2018    Oxunub:2131
Oktyabrın 23-dən etibarən Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinə başlanılıb. Bakı küçələrində parklanma yerləri ilə bağlı qərar verilmədiyi üçün sürücülər arasında çaşqınlıq yaşanır. Onlar əsassız yerə cərimələndiklərini iddia edirlər.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Azvision.az-a bildirib ki, parklanma yerlərinin idarə olunması istiqamətində işlər gedir.

“Təhvil-təslim işlərinin yekunlaşmasını gözləyirik. Bununla paralel olaraq parklanma yerlərinin müəyyən edilməsi, bu sahədə keyfiyyət nöqteyi-nəzərindən dünya standartlarına uyğun xidmətin göstərilməsi üçün dayanaqlı proqram təminatının yaradılması işləri aparılır”.



BNA rəsmisi qeyd edib ki, prosesin yekunlaşması daha çox təhvil verən qurumdan asılı olan məsələdir. “Sürücülərin çaşqınlıqda qalmasına səbəb görmürəm. Çünki dayanma və durmanı qadağan edən nişan varsa orada saxlamaq olmaz. Əsas üstün olan nişandır. Digər bir yandan normal düşüncəyə malik hər bir sürücü bilir ki, avtobus dayanacaq məntəqəsinin ərazisində, səkidə, ikinci, üçüncü cərgədə saxlamaq olmaz. Hazırda bizim əməkdaşlar nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqələrinin ərazisində saxlayaraq nəqliyyatın ümumi axınına, ictimai nəqliyyatın normal fəaliyyətinə maneə yaradan, eyni zamanda dayanma və durmanın qadağan edildiyi yerdə park edən sürücülərə qarşı inzibati tənbeh tədbirləri görürlər. Hesab edirəm ki, burada çaşqınlığa səbəb yoxdur”.

M.Ağayev bu günə kimi nə qədər sürücünün cərimlənməsinə dair statistikanın hazır olmadığını vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Mais   Ağayev  





Xəbər lenti