Mikayıl Müşfiqin qohumlarından DNK nümunələri götürüləcək

Mikayıl Müşfiqin qohumlarından DNK nümunələri götürüləcək
  01 Noyabr 2018    Oxunub:2732
Xəbər veriyimiz kimi, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Azərbaycan Prezidenti İlham Əliyevin diqqətini cəlb edib.
Ölkə başçısı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib

Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Azvision.az-a açıqlamasında bildirib ki, hazırda bu istiqamətdə işlər davam edir. Onun sözlərinə görə, bu gün İşçi Qrupu toplanacaq, qarşıya qoyulan tapşırıqlar müzakirə olunacaq.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov isə Azvision.az-a deyib ki, Mikayıl Müşfiqə məxsus olduğu iddia edilən sümük qalıqlarının hüquq-mühafizə orqanları tərəfindən onlara təqdim edilməsini gözləyirlər.

“Biz həmin sümük qalıqlarını müayinə edib genetik profilini çıxaracağıq. Onun əsasında genetik məlumatlar tərtib olunacaq. İkinci mərhələdə isə Mikayıl Müşfiqin yaxın qohumlarından, əsasən də ata tərəfindən qohumluğu olan şəxslərdən biomaterial götürməliyik. Növbəti mərhələdə isə hər iki genetik profil uyğunlaşdırılacaq. Sonuncu etapda isə qalıqların şairə məxsus olub-olmadığı bilinəcək”.

Ə. Həsənov DNK analizlərinin cavabını maksiumum qısa müddətdə tədqim edəcəklərini vurğulayıb: “Biz çalışğacağıq ki, prosesi qısa müddətdə başa çatdıraq. Adətən bir həftə, 10 gün, yaxud iki həftəyə cavablar hazır olur. Ancaq nəzərə almaq lazımdır ki, söhbət parçalanma proseslərinə məruz qalmış köhnə sümüklərdən gedir. Ona görə də cavablar bir az uzun çəkəcək”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Mikayıl-Müşfiq  





Xəbər lenti