“Dilqəm və Şahbazla bağlı məsələ daim prezidentin diqqətindədir” - Mədət Quliyev

“Dilqəm və Şahbazla bağlı məsələ daim prezidentin diqqətindədir” -  Mədət Quliyev
  01 Noyabr 2018    Oxunub:1940
"Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində uzun müddət keçməsinə baxmayaraq, münaqişənin həlli uzanır. Bu illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir-girovluqdan azad edilsə də, 871 vətəndaşımızın hələ də Ermənistanda əsir-girovluqda saxlanması və beynəlxalq təşkilatlardan gizlədilərək qapalı məkanlarda, zərərli istehsal sahələrində işlədilməsi barədə məlumatlar mövcuddur"
Azvision.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyev deyib.

O, bildirib ki, daxil olan məlumatlara əsasən, ermənilər hətta əsir-girovlara Azərbaycan Respublikasını tamamilə işğal etdikləri və belə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təzyiqlər göstərirlər.

"Əlbəttə ki, Azərbaycan həm qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad olunması üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir və keçirdiyi müvafiq görüş və müzakirələrdə dövlətimizin başçısı bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır".

M.Quliyev qeyd edib ki, Dövlət Komissiyası hazırda əsir-girovluqda saxlanılan və BQXK-nın qeydiyyatında olan şəxslərin "hamının-hamıya" prinsipi ilə azad edilməsi və bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb.

"Buna səbəb Ermənistanın münaqişənin əvvəlindən humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir", - deyə Dövlət Komissiyasının sədri vurğulayıb.

Azvision.az


Teqlər: Mədət-Quliyev  





Xəbər lenti