Bakıda Veniamin Smexovun mühazirəsi keçiriləcək

Bakıda Veniamin Smexovun mühazirəsi keçiriləcək
  01 Noyabr 2018    Oxunub:1327
Noyabrın 23-də Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı teatr və kino aktyoru, televiziya tamaşaları və sənədli filmlər rejissoru, ssenarist Veniamin Smexovun mühazirəsi keçiriləcək.
Heydər Əliyev Fondundan Azvision.az-a verilən xəbərə görə, “İşıq saç hər zaman” adlı gecədə o, məşhur rus şairləri Vladimir Mayakovski, Aleksandr Blok və Boris Pasternakın yaradıcılığından danışacaq, şeirlərini səsləndirəcək.

Veniamin Smexov onlarla film və seriala çəkilib. Onun “Dartanyan və üç muşketyor” filmində (1978) yaratdığı Atos obrazı isə bunların sırasında ən yadda qalanlardandır. Bu ekran əsəri çox şöhrət qazanmış və davamı çəkilmişdi: “Muşketyorlar 20 ildən sonra” (1992), “Kraliça Annanın sirri və ya muşketyorlar 30 ildən sonra” (1993) və “Muşketyorların qayıdışı yaxud kardinal Mazarininin xəzinəsi” (2009). Veniamin Smexov dörd layihənin hamısında iştirak edib.

Veniamin Smexovun fəal məşğul olduğu sahələrdən biri də ədəbiyyatdır. O, bir sıra bədii və publisistik kitabların müəllifidir. Daha çox nəsr əsərləri yazan Veniamin Smexovun teatra həsr etdiyi məqalələri qəzet və jurnallarda dərc olunur. O, həmçinin müxtəlif mövzularda mühazirələrlə çıxış edir.

Azvision.az




Teqlər: Veniamin-Smexov  





Xəbər lenti