Azərbaycan-Pakistan əlaqələri müzakirə edilib
Parlament sədrinin müavini Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclasının keçirilməsi məsələsinə toxunaraq bildirib ki, bu tədbir ölkələr arasındakı əlaqələrə öz töhfəsini verəcək. Qeyd edilib ki, hər bir ölkədə iqtisadi, sosial inkişafla yanaşı, insan hüquqlarının qorunması məsələsi də prioritet olmalıdır.
Söhbət zamanı, həmçinin Dağlıq Qarabağ münaqişəsinə toxunulub, Pakistanın bu məsələdə daim Azərbaycanı dəstəkləməsi xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistanı dəstəkləyir. Bahar Muradova Pakistana Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.
Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın Ombudsmanı Syed Tahir Şahbaz ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Qonaq bildirib ki, ölkələrimiz arasında yüksək səviyyədə inkişaf edən mədəni, diplomatik əlaqələr mövcuddur. Pakistan bütün məsələlərdə, xüsusilə də Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanı dəstəkləyir. O, Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını ifadə edib.
Assosiasiyasının icraçı katibi Abdul Xaliq deyib ki, hazırda bir sıra ölkələrdə insan hüquqları pozulmaqdadır. Ombudsman da məhz insan hüquqlarının təmin edilməsi üçündür. Bu da yaxşı idarəçiliyə, yaxşı idarəçilik isə dayanıqlı inkişaf məqsədlərinə nail olmağa gətirib çıxarır. İcraçı katib Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın fəaliyyətinin bütün ölkələrdə yüksək qiymətləndirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Elman Nəsirov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu deyib, Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclası barədə məlumat verib. Bildirib ki, iclasın yekununda ombudsmanlar arasında gələcəkdə də qarşılıqlı məsləhətləşmələrin aparılması və əməkdaşlığın davam etdirilməsi istiqamətində razılıq əldə olunub. O, Assosiasiya üzvləri tərəfindən irəli sürülən təkliflər əsasında gələcək əməkdaşlığa dair hazırlanacaq iş planının Bakı prinsipləri üzərində qurulacağına ümid etdiyini deyib. Diqqətə çatdırıb ki, qəbul edilən Bakı prinsipləri 90 ölkənin rəyini, əqidəsini ifadə edir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: Milli-Məclis Pakistan