Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub - FOTOLAR

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub -  FOTOLAR
  02 Noyabr 2018    Oxunub:3151
Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Yığıncaqda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az-a verilən məlumata görə, tədbirdə nazir İnam Kərimov Azərbaycanın böyük əkinçilik ənənələrinə malik ölkələrdən biri olmasından söz açıb. O deyib: “Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və gərgin əməyi ilə həm sovet dövründə, həm də müstəqillik əldə edildikdən sonra bütün sahələrdə olduğu kimi, aqrar sahədə də ciddi islahatlar aparılıb, resurslardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatında xüsusi yer tutur”.



İnam Kərimov qeyd edib ki, aqrar sektor əhalinin ərzaq təhlükəsizliyinin təminatında böyük rol oynayır: “Aqrar sahə həm də əhalinin ən böyük məşğulluq sahəsidir. Hazırda ölkədə ailə üzvləri də nəzərə alınmaqla təxminən 1,5 milyon insan öz dolanışığını, maddi təminatını kənd təsərrüfatı sektorunda çalışaraq təmin edir. Bu o deməkdir ki, bu əlamətdar gün Azərbaycanda həm də təxminən milyon yarım insanın peşə bayramıdır”.



Kənd təsərrüfatı nazirinin sözlərinə görə, ölkədə həyata keçirilən aqrar islahatlar bu sahənin dinamik inkişafını təmin etməklə yanaşı, məşğulluq problemini də önəmli dərəcədə həll edib: “Təsadüfi deyil ki, kənd təsərrüfatı bölgələrdə ən çox iş yerləri yaradılan, kənd sakinləri üçün ən böyük gəlir və məşğuliyyət mənbəyi olan sahəyə çevrilibdir. Dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək insanların kənd təsərrüfatına marağını daha da artırır. Bu sahədə çalışanların sayı ildən-ilə çoxalır, eyni zamanda kənd təsərrüfatında hər il daha çox innovativ yeniliklər tətbiq olunur. Azərbaycan fermerinin obrazı, siması artıq tam dəyişib. Müasir fermer innovasiyaların tətbiqinə meyilli, müasir becərmə üsullarına bələd olan, satış şəbəkəsi qurmaq üçün sosial şəbəkələrin imkanlarından istifadə edən, dünyagörüşlü vətəndaşdır. Bu vətəndaşlar ölkədə aqrar inkişafın aparıcı qüvvəsi sayılırlar”.



Nazir bu gün aqrar sahədə əldə edilən uğur və yüksək nəticələrin Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini deyib. Bu günlərdə dövlətimizin başçısının kənd təsərrüfatı sektorunda çalışan 42 nəfəri fəxri ad, orden və medallarla təltif etdiyini xatırladan İnam Kərimov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.



Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov yığıncaq iştirakçılarına dövlət başçısının salam və təbriklərini çatdırıb. O bildirib ki, Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il noyabrın 1-nin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması dövlətin fermerlərə göstərdiyi diqqətin təzahürüdür: “Bu, eyni zamanda onu göstərir ki, kənd təsərrüfatının inkişafı dövlətin yürütdüyü siyasətdə hələ də prioritet sahə olaraq qalmaqdadır”.

Daha sonra Azər Əmiraslanov Prezident İlham Əliyevin kənd təsərrüfatı sektorunda çalışan bir qrup şəxsin fəxri ad, orden və medallarla təltif olunmasına dair imzaladığı Sərəncamı oxuyub, təltif olunan şəxsləri təbrik edib: “Fermerlərin cəmiyyətdə xüsusi yeri var. Bu səbəbdən dövlətimizin başçısı bu sahəni həm iqtisadi, həm də sosial sahə hesab edir. Aqrar sahədə islahatlar davam edəcək. Kənd təsərrüfatına dövlət dəstəyinin daha səmərəli həyata keçirilməsi, ünvanlılığın təmin olunması vacibdir. Prezidentin də kənd təsərrüfatı işçilərindən gözləntiləri var. Fermerlər daha keyfiyyətli məhsul istehsal etməlidir. Əminəm ki, dövlətin dəstəyini həmişə hiss edən aqrar sektorun təmsilçiləri ilə birgə daha böyük uğurlara imza atacağıq”.



Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanın MDB məkanında ən dinamik inkişaf edən ölkə olduğunu deyib, Prezident İlham Əliyevin yürütdüyü aqrar siyasətin prioritetləri barədə məlumat verib. O, növbəti ilin dövlət büdcəsində kənd təsərrüfatına vəsaitin 13,9 faiz artırılmasının nəzərdə tutulduğunu deyib. Ölkədə ilin sonuna kimi daha 13 aqroparkın istifadəyə veriləcəyini deyən Eldar İbrahimov bildirib ki, kənd təsərrüfatının inkişafı üçün müvafiq infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində işlər görülür. Aqrar sahənin qanunvericilik bazasının daha da təkmilləşdirildiyini deyən Eldar İbrahimov Milli Məclisin adından kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib.



Azərbaycan Prezidentinin Sərəncamına əsasən təltif olunan Bədrəddin Həsrətov, Teymur Bəhramov, Bayram Əlləzov, Fatma Hüseynova dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Toplantıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin kənd təsərrüfatı işçilərinə təbrik məktubu oxunub.

Tədbirin sonunda Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncağın iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub. Müraciətdə bildirilir ki, Prezidentin imzaladığı son fərman və sərəncamlar, eyni zamanda aqrar sahəyə göstərdiyi daimi diqqət və qayğı nəticəsində kənd təsərrüfatının bütün sahələri dinamik inkişaf edib, köklü dəyişikliklər baş verib və zəruri potensialın formalaşdırılması üçün məqsədyönlü tədbirlərin icrası uğurla davam etdirilir. İştirakçılar göstərdiyi diqqət və qayğıya görə, aqrar sahənin işçiləri, fermer və sahibkarlar adından dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Azvision.az


Teqlər:





Xəbər lenti